Xəbəri Kokpitdə Oxuyun!

Fettel Monzada bir dövrə vuracaq

Ferrari Monzadakı ev yarışında Mixael Şumaxerə hörmət əlaməti olaraq xüsusi dizaynla çıxış edəcək.

Lyuis Həmilton və Şarl Leklerin idarə edəcəyi Ferrari SF-26 bu xüsusi həftəsonu üçün daha qırmızı görünüşə bürünəcək. Bolidin mühərrik qapağındakı ağ hissə isə tamamilə aradan qaldırılıb.

Həmilton və Leklerin bolid üzərindəki nömrələrində retro şriftlərdən istifadə olunacaq. Komanda mühərrik qapağında pilot nömrələri ilə əsas sponsor HP-nin loqosu arasına Şumaxerin imzasını da yerləşdirib.

BBS disklərinin kənarlarında qızılı detallara yer verilib. Hər iki pilot, eləcə də komandanın trasdakı bütün əməkdaşları xüsusi geyimlərdən istifadə edəcəklər. Şumaxerin dəbilqəsindəki ikonik ağ ulduzlar isə bolidin burun hissəsinə əlavə olunub.

Xüsusi dizayn Şumaxerin Ferrari-də keçirdiyi ilk mövsümün 30-cu ildönümünə həsr olunub və alman pilotun komandadakı ilk bolidi olan F310-dan ilhamlanıb.

1996-cı il Ferrari F310 da Monza həftəsonunda nümayiş etdiriləcək. Bununla yanaşı, Şumaxerin Ferrari ilə yarışdığı son bolid olan 2006-cı ildəki 248 F1 və  ən dominant bolidlərdən biri hesab olunan F2002 sərgilənəcək.

Şumaxerin keçmiş komanda yoldaşı Rubens Barrikello, eləcə də onun yaxın dostu və keçmiş Ferrari pilotu Sebastyan Fettel alman pilotun irsini qeyd etmək üçün şənbə və bazar günləri F2002 ilə Monza trasında bir dövrə vuracaqlar.

Ferrari açıqlamasında Şumaxerin komanda üçün əhəmiyyətini belə ifadə edib: “Mixaelin Ferrari-dəki dövrü yalnız qələbələr və çempionluqlardan ibarət deyildi. Mükəmməlliyə olan bitib-tükənməyən axtarışı, detallara verdiyi diqqət, intizamı və əsl komanda oyunçusu olması Scuderia-nın ən xarakterik xüsusiyyətlərindən birinə çevrilən mədəniyyətin formalaşmasına kömək edib.

Aradan 30 il keçməsinə baxmayaraq, bu mədəniyyət bu gün də Ferrari-nin rəqabətə yanaşmasının bir hissəsi olaraq qalır. Buna görə də Monza bu irsi qeyd etmək üçün ideal məkandır. Bura təkcə keçmişdə əldə olunan uğurlara nəzər salmaq deyil, həm də Ferrari-nin bu gün də mənimsədiyi dəyərləri xatırlamaq üçün mükəmməl yerdir”.

Şumaxer 1996-2006-cı illər arasında Ferrari üçün 179 yarışda iştirak edərək komandanın ən uzun müddət çıxış edən pilotu olub. 57 yaşlı alman həm də Scuderia-nın tarixində ən uğurlu pilot hesab olunur. O, 7 dünya çempionluğunun 5-ni 2000-2004-cü illərdə ardıcıl olaraq Ferrari ilə qazanıb.

Şumaxer Jan Todt və Ross Braun rəhbərliyində Ferrari-nin tarixindəki ən uğurlu dövrlərdən birinin əsas simalarından olub. Əfsanəvi pilot bu müddətdə komanda ilə 72 qələbə və 58 poul mövqeyi qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et