Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-nin motoru 15 at gücü qüvvətlənəcək?

Ferrari 2026-cı il mövsümündə əldə etdiyi ikinci ADUO inkişaf imkanından İtaliya Qran Prisində istifadə etməyə hazırlaşır. İtaliya komandasının Monzaya gətirəcəyi yeni güc qurğusunun 12-15 at gücü arasında əlavə performans qazandıracağı gözlənilir.

İtaliya komandası FIA-nın performansın balanslaşdırılması sistemi çərçivəsində 2026-cı ildə istifadə edə biləcəyi ikinci ADUO inkişaf imkanını məhz Monzada işə salacaq.

Yeniləmənin əsas məqsədi Ferrari güc qurğusunun performansını artırmaq və rəqiblərlə aradakı fərqi azaltmaqdır.

Bu əlavə inkişaf imkanına Monako Qran Prisi zamanı açıqlanan FIA məlumatlarından sonra şərait yaranıb. Həmin məlumatlara əsasən, Ferrari mühərrikinin Red Bull güc qurğusundan 4 faizdən çox geri qaldığı müəyyənləşdirilib.

Ferrari ilk ADUO yeniləməsindən Avstriya Qran Prisində istifadə edib. Həmin paketin təxminən 5 at gücü qazandırdığı, bu artımda isə Shell tərəfindən hazırlanmış yeni yanacağın da mühüm rol oynadığı bildirilib.

Monzada istifadə olunacaq ikinci paket isə daha genişmiqyaslı olacaq.

Autosprint-in məlumatına görə, Ferrari ADUO-2 versiyasını İtaliya Qran Prisinə çatdırmaq üçün son həftələrdə intensiv iş aparıb. Nəşr daha əvvəl AutoRacer.it tərəfindən yayılan məlumatı təsdiqləyərək yeniləmənin 12-15 at gücü arasında əlavə güc qazandırmasının gözlənildiyini yazıb.

Ferrari bu yeniləmə ilə güc qurğusu istehsalçıları arasındakı fərqi böyük ölçüdə azaltmağı hədəfləyir.

Rauf Hacıyev

Şərh əlavə et