Xəbəri Kokpitdə Oxuyun!

Nyui: Xallar əməkdaşlarımız üçün dəyərli mükafatdır

Niderland Qran Prisi üçün Aston Martin şassi və güc qurğusunu yeniləyib və irəliləyişə ümid edib. Sonda isə Fernando Alonso komanda üçün mövsümdə ən yaxşı nəticəsinə nail olub.

Adrian Nyui: “Yarış qırmızı bayraqlarla dayandırılanda restartdan əvvəl Fernandoya yeni Soft təkər dəsti taxdıq. O, düzgün pilotaj sayəsində həmin dəstlə yarışın demək olar yarısını qət edə bilib. Nəticədə bir pit-stopla kifayətləndik – xal qazanmaq üçün yeganə şansımız bu idi.

Yalnız son dövrələrdə Fernando Qaslinin təzyiqi altında qalıb, amma 9-cu yeri qorumaq və iki vacib xal qazanmaq üçün tempimiz kifayət edib. Lənsdə idarəetmə ilə bağlı problemlər yaranıb — onların maşının zədələnməsindən qaynaqlana biləcəyindən şübhələnirik və maşını mübarizədən çıxarmalı olduq.

Bu gün qazanılan xallar bütün əməkdaşlarımızın səyləri üçün dəyərli mükafatdır. Son aylarda nəticələrimizi yaxşılaşdırmaq üçün gərgin çalışan Silverstundakı bütün komandaya təşəkkür etmək istəyirəm.”

Fernando Alonso: “Zandfortda xal qazanmaq əladır. Belə nəticə gözləmirdim, bu, həqiqətən komandanın əməyinin nəticəsidir: bizdə olan hər şeydən maksimum istifadə edib.

İdarəetmə ilə bağlı bəzi problemlərimiz qalıb, amma bu yarış həftəsonu daha bir addım irəli atmışıq. Maşından daha çoxunu almaq üçün işləməyə davam edirik.”

Ləns Stroll: “Yarışın əvvəlində maşınım zədə alıb və bu, onun dinamikasını pisləşdirib. Sürət itdi, maşın çox sürüşürdü, buna görə Hard-a keçmək üçün erkən pit-stop etdik, amma təəssüf ki, bu kömək etmədi. Maşının idarəetməsini yaxşılaşdırmaq üçün hələ böyük iş görməliyik.”

Gilənur Hüseynova

Şərh əlavə et