Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin Valhalla hiperkarı hazırdır

Bu avtomobil hələ 2019-cu ildə Aston Martin AM-RB 003 prototipi kimi nümayiş etdirilmişdi və onun hazırlanmasında məşhur Red Bull Racing komandası iştirak etməli idi. Layihəyə Valhalla adı verilib, lakin olduqca tez bir zamanda layihə radikal şəkildə yenidən nəzərdən keçirilib.

RBR ilə əməkdaşlığa xitam verilib, şirkətin öz məhsulu olan V6 turbomühərriki AMG bölməsinin iki turbokompressoru və hibrid üstqurumu olan 4,0-litrlik V8 mühərriki ilə əvəz olunub.

Üstəlik, şassinin konstruksiyası genişmiqyaslı dəyişikliklərə məruz qalıb. Yenidən dünyaya gəlmiş Valhalla ilk dəfə 2021-ci ildə nümayiş etdirilib, bundan sonra avtomobil üzərində uzunmüddətli çalışmalar başlayıb. Nəhayət, yalnız indi son versiya göstərilib.

Ortamühərrikli Aston Martin Valhalla kupesinin görünüşü artıq uzun müddətdir ki, sirr deyil və o, tam şəkildə funksionaldır. Aktiv aerodinamik elementlərin bütöv kompleksi sayəsində 240 km/saatdan yuxarı sürətdə 600 kiloqram yerəsıxma qüvvəsi əldə edilir.

Superkarın əsasını alüminium alt çərçivələrin birləşdirildiyi karbonplastik monokok təşkil edir. Ön asqı push rod yarış sxeminə uyğun olaraq hazırlanıb, arxada isə, beşqollu asqı var və dörd təkərin hər biri elektron idarə olunan Bilstein DTX amortizatorları ilə təchiz edilib.

Karbon-keramik əyləclər (brake-by-wire) naqillər vasitəsi ilə idarə olunur, öndə 410, arxada isə, 290 millimetrlik disklərə malikdir. Ön oxda altı porşenli, arxa oxda isə, dörd porşenli mexanizmlər quraşdırılıb.

 

Güc qurğusu yenidən işlənmiş 4,0-litrlik AMG V8 biturbo mühərrikinin “yastı” dirsəkli valı və quru karteri olan versiyasına əsaslanır (bu mühərrik Mercedes-AMG GT Black Series modelində quraşdırılır).

O, 828 at qüvvəsinə malikdir –  yəni bir litrə düşən güc 207 at qüvvəsinə bərabərdir ki, bu da Aston Martin yol avtomobilləri üçün bir rekorddur. Ona ümumi gücü 251 at qüvvəsi olan üç elektrik mühərriki kömək edir.

 

Elektromotorlardan biri səkkiz pilləli preselektiv “robota” quraşdırılıb: o, daxili yanma mühərriki ilə tandemdə arxa təkərləri elektron idarə olunan differensial vasitəsilə hərəkətə gətirir. Ön oxda daha yağla soyudulan iki  aksial elektrik mühərriki yerləşdirilib və onlar tam ötürməni və dartma vektorunun idarə edilməsini təmin edirlər.

Sistemin ümumi hasilatı 1079 at qüvvəsi və 1100 Nm-ə bərabərdir. Kupenin boş çəkisi 1655 kiloqramdır. Nəticədə, hiperkar ilk “yüzlüyə” 2,5 saniyəyə sürətlənir, maksimal sürət isə, 350 km/saat həddində məhdudlaşdırılıb.

Asqının, əyləc sisteminin, sükan idarəetməsinin, aktiv aerodinamikanın və güc aqreqatının işini sinxronlaşdırmasına müxtəlif hərəkət rejimləri olan Integrated Vehicle Dynamics Control (IVC) elektron sistemi cavabdehdir.

Məsələn, sırf elektrik rejimində, hiperkar ön ötürmə ilə 140 km/saat maksimal sürətilə 14 kilometr məsafə qət edə bilir. Dartma batareyası barədə məlumat yoxdur, lakin onun 560 hüceyrədən ibarət olduğu və ayrıca mayeli termotənzimləmə sistemi ilə təchiz edildiyi bildirilir.

Aston Martin hiperkarının hazırlanmasına Formula 1 zavod komandasının mütəxəssisləri kömək ediblər və bunun təkcə texniki hissədə deyil, hətta interyerdə də öz əksini tapmasında təəccüblü bir şey yoxdur. Onun əsas xüsusiyyəti F1-dən ilhamlanan və bütöv karbonplastik parçasından hazırlanmış sükan çarxıdır.

 

Dəri əlavələri olan çalov-kreslolar da oxşar konstruksiyaya malikdirlər. Sürücünün qarşısında informasiyanın göstərilməsi üçün müxtəlif variantları olan cihazlar panelinin böyük displeyi, mərkəzdə isə, media sisteminin altında bir sıra fiziki düymələr yerləşən ekranı var.

Digər Aston Martin modelləri kimi, Valhalla da alıcının istəyi ilə Q zavod bölməsi tərəfindən fərdiləşdirilə bilər.

Aston Martin Valhalla ortamühərrikli hiperkar 999 nüsxəlik tirajla buraxılacaq. Hiperkarın başlanğıc qiyməti 850 min funt sterlinqdir! İlk əmtəə nüsxələri 2025-ci ilin yayında müştərilərə çatdırılacaqlar.

(c) Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et