Şirkət hələ ki, Las-Veqasdakı yarışda neçə pit-stop olacağını dəqiq proqnozlaşdıra bilməyib, amma komandaların strategiya seçimlərinə necə tövsiyələr verdiklərini izah edib.
Pirelli-nin açıqlamasında deyilib: “Las-Veqas kazinolarında azacıq bəxtlə qazanmaq olar, ancaq Formula 1-də təkcə bəxt kifayət etmir. Optimal strategiya kompüter modelləşdirməsi və məlumatların təhlili əsasında qurulur”.
Hər Qran Pridən əvvəl Pirelli komandalar üçün həmin həftəsonu mövcud tərkiblərə əsaslanan ən sürətli strategiya variantlarını hazırlayıb təqdim edir. Bu hesablamalar xüsusi modellər və simulyasiyalar üzərindən aparılır.
Şirkət qeyd edib ki, bu yanaşma komandaların istifadə etdiyi metodologiyadan fərqlənsə də, məqsəd eynidir — bir bolidin yarışı mümkün olan ən qısa müddətdə tamamlamasına nail olmaq. Bunun üçün bütün məlumatlar optimal strategiyanı müəyyənləşdirmək üçün hazırlanmış xüsusi proqram təminatı ilə analiz edilir.
Strategiyanın qurulmasında əsas faktorlar:
- İlkin təhlillə müəyyənləşdirilmiş tərkiblərin performans fərqi.
- Eyni trasda əvvəlki illərdə qeydə alınmış təkər yeyilməsi məlumatları.
- Cari mövsümdə həmin tərkiblərin tətbiq edildiyi digər yarışlardan toplanan məlumatlar.
- Təkərin “ömür müddəti”, yəni performansın dəyişdirilmə həddinə qədər neçə dövrə davam gətirdiyi.
Bu elementlər dövrəvi vaxtların hesablanmasına və yanacağın azalma tempi nəzərə alınmaqla ideal pit-stop pəncərələrinin müəyyən olunmasına imkan verir.
Komandalar bir və ya iki pit-stop strategiyası barədə qərar verərkən pitə daxilolma, təkər dəyişmə və trasa qayıtma üçün tələb olunan vaxtı da nəzərə alır. Bu göstəricilərdən hər trasda fərqli müddət alınır və məlumatlar bütün həftəsonu ərzində yenilənir.
Daha çox məlumat toplaya bilən komandalar həmçinin Monte Karlo metodundan istifadə edir. Bu metod təsadüfi amilləri də nəzərə alır: trasdakı tıxac, təhlükəsizlik avtomobilinin ehtimalı, DRS zonalarında ötmə imkanları və digər dəyişkən faktorlar.




Şərh əlavə et