Noyabrın sonunda 15 yaşı tamam olacaq Ella Həkkinenin kartinqə ciddi həvəsi və beynəlxalq səviyyədə əldə etdiyi ilk nəticələri artıq məlum idi. İndi isə onun karyerasında növbəti vacib mərhələ başlayıb.
Proqrama həmçinin Britaniyada KZ2 kateqoriyasında kartinq üzrə vitse-çempion Ella Stivens də daxil edilib. Həkkinen və Stivens F1 Academy-də artıq çıxış edən Ella Lloyd-a qoşulublar.
McLaren-in yaydığı press-relizə əsasən, Ella Həkkinen üçün xüsusi test proqramı hazırlanıb. O, tədricən biryerlik bolidlərin idarə olunmasına uyğunlaşacaq və 2027-ci ildə “gənc” formulalardan birində debüt etməyə hazırlaşacaq. 19 yaşlı Ella Stivens isə artıq gələn mövsüm F1 Academy-də McLaren Racing rənglərində ikinci bolidi idarə edəcək. Hər iki maşın üzərində britaniyalı Rodin Motorsport komandası işləyəcək.
Zek Braun, McLaren Racing-in icraçı direktoru: “Düzünü desəm, avtoidmanda qadınların təmsilçiliyini artırmaq üçün hələ çox işimiz var. Amma bu sahədə əldə etdiyimiz irəliləyişlərlə də həqiqətən qürur duyuram.
Ümid edirəm ki, istedadlı kartinq qızları, pilotlar, eləcə də mühəndislikdən tutmuş mexanikliyə və marketinqə qədər digər ixtisas sahibləri bu siqnalları görəcəklər, çünki bizim idman artıq hamıya açıqdır. Son illərdə formalaşan bu müsbət tendensiyanı daha da inkişaf etdirməkdə qətiyyətliyik.
Həm trasda, həm də trasdan kənarda karyera imkanları getdikcə çoxalır. Bizə bu qapıları qadınlar üçün açmaqda dəstək olan tərəfdaşlarımıza təşəkkür edirəm. Artıq gənclər proqramımızda üç istedadlı qadın pilot var və bu, həqiqətən sevindirici xəbərdir. Onları ən qısa zamanda trasda görmək üçün səbirsizlənirəm”.




Şərh əlavə et