Xəbəri Kokpitdə Oxuyun!

A.Benetton: Şumaxer brilyant idi

Benetton komandası Formula 1-ə 1986-cı ildə Britaniya Toleman komandasının bazası əsasında qatılıb və 90-cı illərin ilk yarısında ən böyük uğurlarını qazanıb – komandanın sürücüsü Mixael Şumaxer 1994 və 1995-ci illərdə Dünya Çempionu olub.

Həmin dövrdə Benetton Group-un – dünyanın müxtəlif ölkələrində öz istehsalı olan geyimləri satan şirkətin – həmtəsisçisi Luçano Benettonun oğlu Alessandro Benetton, Benetton Formula şirkətinə rəhbərlik edib və komandanın bütün işlərini idarə edib. Komanda da ailənin böyük biznes imperiyasının bir hissəsi olub.

Yaxın günlərdə İtaliyada “Benetton Formula” adlı sənədli filmin premyerası keçirilib. Film 28 noyabrda  Sky Italia tərəfindən yayımlanacaq. Filmdə paddokda və müxtəlif traslarda on illər əvvəl çəkilmiş çoxlu arxiv görüntüləri, həmçinin Benetton ailəsinin üzvləri və 1989-cu ildə komandanın kommersiya direktoru, 1991-ci ildə isə rəhbəri təyin olunmuş Flavio Briatorenin müsahibələri yer alıb.

Alessandro Benetton Gazzetta dello Sport-a verdiyi müsahibədə həmin dövrləri xatırlayıb. Ona 1992-ci ildə Benetton-da yarışmış Martin Brandlın məşhur sözlərini də xatırladıblar: “Briatore əvvəlcə maşının qabaq hissəsini arxa hissədən ayıra bilmirdi.”

Alessandro belə cavab verib: “Bizə heç nəyi öz-özünə aydın hesab etməyən, yeni baxışlı bir insan lazım idi. Mən atama dedim ki, ya komandaya bütün maliyyəni özümüz verməliyik ya da sponsor tapmalıyıq. Buna görə də bizə peşəkar satıcı lazım idi. Atam mənə Flavionu gətirdi. O vaxt onun avtoidmana dair xüsusi biliyi yox idi, ancaq o, Formulaya daxil olaraq şirkətə daha çox diqqət cəlb etmək ideyasını irəli sürə bildi”.

O əlavə edib ki, komanda işi ilə fərdi təşəbbüsləri qarışdırmamaq çox vacibdir: “Komanda sadəcə ayrı-ayrı insanların səylərinin cəmi deyil, bu insanların enerjisi, peşəkarlığı və intellekti birləşəndə yaranan sinerjidir. Ayrı şəxslər bu enerjiyə ‘detonator’ kimi təsir etməlidirlər. Biz əvvəlcə Piter Kollinz və Con Barnardla qələbələr qazanmışdıq, ancaq bunun kifayət etmədiyini görəndə Briatore, Rori Börn, Tom Vokenshou gəldi, o isə öz növbəsində Ross Braunu gətirdi. Yaxşı sürücülər gəldi və nəticədə Mizael Şumaxer bizə qoşuldu”.

Alessandro qeyd edib ki, Şumaxerin istedadı ilk gündən bəlli olub: “O artıq kifayət qədər yetkin idi. Mən həmişə deyirəm ki, onun fövqəladə istedadı məhz bizdə açılıb. O əsl brilyant idi və Flavio bunu dərhal görmüşdü. Berni Ekklstoun da bizə yardım edirdi, çünki Formula 1-də böyük dəyişikliklər etmək istədiyimizi görmüşdü və o da eyni şeyi düşünürdü”.

O, Şumaxerin xarakterini belə təsvir edib: “Onda tipik alman soyuqluğu var idi, amma içində elə bir ehtiras vardı ki, hamını yoluxdururdu. O, hər kəsdən özündən tələb etdiyini tələb edirdi – maksimum çalışmaq”.

Benetton modeli ilə Red Bull-un bu gün də uğur qazan­dığını deyən Alessandro vurğulayıb: “Onlar da Kristian Hornerdən Maks Ferstappenə qədər düzgün insanlara güvəniblər. Mən Maksa baxanda Şumaxerin keyfiyyətlərini görürəm. O, başqalarını özünü dinləməyə məcbur edir. Üstəlik, onun atası Yos da vaxtilə Benetton-un sürücüsü olub”.

Benetton komandası 2000-ci il mövsümündən əvvəl Renault tərəfindən alınıb. Lakin komanda iki mövsüm də Benetton adı ilə çıxış edib və onun rəhbəri yenə Flavio Briatore olub. Faktiki olaraq o, bu gün Alpine F1 adlanan Enstoun komandasına rəhbərlik etməyə davam edir.

Rauf Hacıyev

Şərh əlavə et