Zek Braun High Performance podkastında çıxış edərkən bildirib ki, komanda Lando Norrislə Oskar Piastri arasında gərginliyin yaranmasının qarşısını almağı bacarıb. Düzdür, mövsüm ərzində onların maşınları arasında insidentlər yaşanıb.
Amerikalı rəhbərin sözlərinə görə, McLaren-də iki sürücü arasında heç vaxt real konflikt olmayıb: “Onların arasında heç vaxt gərginlik olmayıb, bunu dəqiq deyirəm. Siz də bilirsiniz, bəzən otağa girəndə havadakı o “gərginlik hissi” dərhal duyulurz Bax, belə hal heç vaxt olmayıb. Hətta trasda aralarında kontaktlar olanda ya da Andreea Stellanın verdiyi tapşırıqları tam dəqiq yerinə yetirməyəndə belə, heç biri digərini günahlandırmayıb. Heç vaxt ‘Hər şey Lando üzündəndir!’ və ya ‘Buna Oskar səbəb olub!’ kimi sözlər işlədilməyib”.
Braun deyib ki, sürücülərin narazılıqları olanda bu, əsasən rəhbərliyə yönəlib, çünki komanda həmişə balansı qorumağa çalışıb. Onun fikrincə, hər iki sürücünün bəzən komandanın qərarlarından narazı qalması, əslində, proseslərin ədalətli aparıldığını göstərib: “Biz istəyirik ki, titul taleyi trasda həll olunsun, insidentlərlə yox. Düşünürəm ki, bu məsələdə şanslıyıq, çünki bizim düzgün xarakterlərə malik sürücülərimiz var. Açığı, başqa pilotlarla bunun öhdəsindən eyni dərəcədə gələ biləcəyimizə əmin deyiləm”.
O vurğulayıb ki, McLaren yeni sürücünü komandaya dəvət etməzdən əvvəl onun xarakterinə və komandanın düşüncə tərzinə uyğunlaşıb-uyğunlaşmayacağına ciddi diqqət yetirib. Komanda daxilində bütün mühüm məsələlər açıq müzakirə olunub və daim şəffaf informasiya mübadiləsi aparılıb.
Mövsümün sonuna üç yarış qalmış:
- Lando Norris çempionata liderlik edir,
- Oskar Piastri ondan 24 xal geri qalır,
- Piastri isə öz növbəsində Maks Verstappenə 25 xal fərqlə üstünlük qazanıb – halbuki holland sürücü mövsümün bu mərhələsində çox güclü çıxış edib və ən azı ikinci yer uğrunda real mübarizə aparıb.




Şərh əlavə et