Xəbəri Kokpitdə Oxuyun!

Valensiya 2025: Bezzekkidən mövsümdə üçüncü qələbə

MotoGP üzrə 2025-ci il mövsümünün son yarışı Valensiyada baş tutub və qalib Marco Bezzekki olub.

Mövsümün son Qran Prisi Valensiyada havanın temperaturu 18 dərəcə, asfaltın temperaturu isə 19 dərəcə olub. Buludlu hava şəraitinə baxmayaraq yarış böyük həyəcanla başlayıb. Öndə Hard, arxada Medium tərkibli təkər seçimi hamı tərəfindən istifadə olunub, yalnız Somkiat Çantra ön təkərdə Medium tərkibi seçib.

Dünənki ikinci sıralama sessiyasında göstərdiyi üstün performansla poul mövqeyi qazanan Marco Bezzekki, sprintdə yaşadığı start problemindən dərs çıxarıb və bazar günü yarışına Markes və Di Cannantonionun önündə mükəmməl start verib. İtalyan sürücü liderliyini son dövrəyə qədər qoruyub və mövsümün son yarışını qələbə ilə tamamlayan sürücü olub.

Bu vaxt Franko Morbidelli ilk dövrədən sonra boksa girərək yarışı dayandırıb. Onun sol əlində fiziki narahatlıq yaşadığı bildirilib. Eyni zamanda start xəttində Aleş Esparqaro ilə toqquşma nəticəsində motosikletinin gövdəsində zədə yaranıb. Yarışdan sonra Morbidellinin fiziki vəziyyətinin çərşənbə axşamı testlərinə uyğun olmadığı açıqlanıb.

Yarışın ilk 15 dəqiqəsində ard-arda qəza halları yaşanıb. Çınqıllığa çıxan Francesco Banyaya boksa qayıdaraq onsuz da çətin keçən 2025-ci il mövsümünü vaxtından əvvəl başa vurub. Ardınca Ay Oqura birinci döngədə qəzaya düşüb. Döngə sürətli olsa da yapon sürücünün vəziyyətinin yaxşı olduğu bildirilib.

Sprintdə Bezzekkinin problemindən istifadə edərək parlaq zəfər qazanan Alex Markes, sürücülər çempionatındakı ikinciliyini qeyd etmək üçün bu yarışa xüsusi gümüş rəngli motosikletlə çıxıb. O, yarışın ilk hissəsində liderlik uğrunda mübarizə aparsa da, Raul Fernandes tərəfindən keçilib və tempi nəzərəçarpacaq dərəcədə düşüb. İspan sürücü üçüncülüyü qorumağa çalışsa da həm Pedro Akosta, həm də Fabio Di Cannantonio onu ötüb.

Misanodan bəri ilk sprint podiumunu dünən qazanan Fabio Di Cannantonio, bu dəfə də podyum uğrunda mübarizəni qazanıb və son dövrələrdə Akostanı keçərək üçüncü yeri tutub.

Bütün bunların fonunda Raul Fernandes sözün əsl mənasında uçub. Qısa müddətdə Bezzekkiyə təzyiq göstərə biləcək temp tutub və bu təzyiqini yarışın sonuna qədər davam etdirib. Buna baxmayaraq qalib gələn sürücü startdan finişə qədər liderliyini qoruyan Marco Bezzekki olub. Aprilia mövsümü dubl nəticəsi ilə yekunlaşdırıb.

Luka Marini Honda üçün çox önəmli olan yeddinci yeri qazanıb.

Di Cannantonionun arxasında ilk doqquzluq belə sıralanıb: Pedro Akosta, Fermin Aldequer, Aleks Markes, Luka Marini, Bred Binder və Cek Miller.

Yaponiyadakı ağır qəzasından sonra bu gün Misanodan bəri ilk Qran Prisinə çıxan Xorxe Martin insident səbəbilə ikiqat uzun döngə cəzası almışdı. Çərşənbə axşamı testinə enerjisini qorumaq istədiyini deyən ispaniyalı sürücü, Aprilianın qərarı ilə 15-ci dövrədə yarışı dayandırıb.

Beləliklə daha bir MotoGP mövsümünü arxada qoymuş oluruq. Mark Markesin emosional çempionluğuna, Markes qardaşlarının 1-2-lik tarixi nəticəsinə və mövsüm boyu yaşanan böyük həyəcanlara şahidlik etdiyimiz 2025-ci il mövsümü başa çatıb və növbəti mövsüm artıq səbirsizliklə gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et