Xəbəri Kokpitdə Oxuyun!

Mercedes və Adidas xüsusi kolleksiya tanıdıb

Mercedes Formula 1 komandası Las-Veqas Qran Prisi ərəfəsində Adidas-la birlikdə hazırladığı yeni Las Veqas Kolleksiyasını təqdim edib.

Komandanın rəsmi onlayn mağazasında satışa çıxarılan kolleksiya – Corc Rassell üçün xüsusi istehsal olunan qara papaq, Petronas yaşılında Las Vegas trucker və snapback papaqlar, qrafik köynəklər və qara üzərində zümrüdü və ya bordo detallı sviterlərdən ibarət olub.

Kolleksiya Mercedes-in ənənəvi rəng palitrasını qoruyub, lakin bu il xüsusilə bordo detalları daha çox ön plana çıxarıb.

Corc Rassell ötən il 6.2 kilometrlik Las Vegas Strip trasında qazandığı poul mövqeyini qələbəyə çevirmiş və o vaxtkı komanda yoldaşı Lyuis Hemilton ilə birlikdə komandaya ikiqat podium gətirmişdi.

Ferraridən Karlos Sayns üçüncü yeri tutmuş, Red Bull pilotu Maks Ferstappen isə beşinciliklə dördüncü dünya çempionluğunu rəsmiləşdirmişdi. Aşağı temperatur və zəif ilişməli asfalt şəraiti W15-in güclü təkər idarəçiliyi sayəsində Mercedes-ə mövsümün ən yaxşı həftəsonlarından birini yaşatmışdı.

Bu il komanda fərqli heyətlə mübarizə aparır. Həmiltonun Ferrari-yə keçidinin ardından komandanın liderliyi Rassellə həvalə olunub, gənc pilot Kimi Antonelli isə heyətə daxil edilib. İkili mövsümün sonuna üç yarış qalmış Red Bull-a qarşı 32 xal fərqlə Mühəndislər Kubokundakı ikinci yeri qorumağa çalışır. Las Veqasda Rassell karyerasının 150-ci Formula 1 yarışına çıxacaq.

Adidas-ın Motorsport kateqoriyası üzrə baş direktoru Maykl Bats kolleksiya ilə bağlı belə deyib: “Las Veqas özünəməxsus enerjisi və canlılığı ilə tanınan bir şəhərdir Yeni kolleksiya bu enerjini stil yönümlü elementlərlə canlandırır; yalnız tribunalara deyil, hər mühitə uyğun gəlir”.

Bats kolleksiyanın ilhamını isə belə açıqlayıb: “Keçmiş dizayn kodlarını yarış həftəsonunun şən xaosu və ABŞ-ın zəngin idman mədəniyyəti ilə birləşdirdik. Yarış həftəsonunda və sonrasında bu kolleksiyanı azarkeşlərin üzərində görməyi səbirsizliklə gözləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et