Pinnacle Motorsport komandasının sürücüsü finiş xəttini komanda yoldaşı Mari Boyadan cəmi 0,250 saniyə əvvəl keçib. Podiumun üçüncü pilləsinə isə gələn mövsüm Prema Racing-də Formula 3-də debüt edəcək 17 yaşlı Enzo Delinyi qalxıb.
Dünənki kvalifikasiya yarışının əksinə, bu günkü Makao Qran Prisi hadisələrlə zəngin olub və Nael liderliyə yalnız dördüncü təhlükəsizlik maşını periodundan sonra yüksəlib.
Prema sürücüsü Freddi Sleyter poul mövqeyindən start alsa da, ilk döngədə onu Mari Boya keçib. Britaniyalı həmçinin üçüncü yerdən başlayan Naelin hücumlarını dəf etməyə çalışıb, lakin vəziyyətdən R-ace GP pilotu Enso Delinyi yararlanıb və Naeli geridə qoya bilib.
ART komandasının fransız lisenziyası ilə yarışan yapon sürücüsü Tayto Kato Lisboa döngəsinə giriş sürətini düzgün hesablamayıb və PHM Racing sürücüsü Mattia Kolnaqinin maşınına çırpılıb. Növbəti döngədə bir neçə maşının toqquşması nəticəsində yaranan qarışıqlıqdan sonra trasda təhlükəsizlik maşını peyda olub.
Restartdan sonra Sleyter Boyanı geri keçib və peletondan 3 saniyəlik fərq açıb. Lakin 9-cu dövrədə elə həmin Lisboa döngəsində Oskar Vurts baryerlərlə kontaktdan yayınmağı bacarmayıb və yarış yenidən neytrallaşdırılıb.
11-ci dövrədə növbəti restart baş tutub. Mari Boya Freddidən liderliyi geri almağa qərarlı olub və Mandarin döngəsindən çıxarkən hücuma keçib. Sleyter müqavimət göstərib, ancaq maşını trasda saxlaya bilməyib və son döngədə baryerə çırpılıb. Onun yarışı beləliklə bitib və bu, 15 dövrədən ibarət yarışın artıq 12-ci dövrəsində daha bir təhlükəsizlik maşını fazasının başlaması ilə nəticələnib.
Teofil Nael yarışın böyük hissəsi boyunca Deliniyiyə hücum edib, amma gənc fransız mövqeyini qoruya bilib. Son restart isə yarışı tam dəyişib: sonuncudan bir əvvəlki dövrədə Boya Mandarin çıxışında Deliniyinin hücumunu dəf edə bilsə də, Naelin ardıcıl və dəqiq manevrlərinə tab gətirə bilməyib və hər iki sürücünü keçən Teofil liderliyə yüksəlib.
Beləliklə, Nael yarışa yalnız finişə bir neçə dəqiqə qalmış başçılıq edib, amma bu artıq önəm daşımayıb və o, Makao kimi prestijli gənclər yarışının qalibi adını qazanıb.
18 yaşlı fransızın diqqət mərkəzinə düşəcəyi dəqiqdir. Üstəlik, onun Campos Racing ilə müqaviləsi artıq mövcuddur və gələn mövsüm Formula 3-də çıxış etməyə davam edəcək.




Şərh əlavə et