Sauber artıq gələn ildən etibarən Audi-nin baza komandası kimi çıxış edəcək və komandanın heyətində Niko Hülkenberqlə Qabriel Bortoletto yarışmağa davam edəcək. Amma komandanın rəhbəri Conatan Vitli artıq daha uzaq perspektiv barədə düşünür və Red Bull Racing-də bir yerdə çalışdığı Maks Ferstappenlə yenidən işləməyi çox istəyir.
Conatan Vitli: “Bəli, mən istəyirəm ki, bizim maşını Maks sürsün. Əgər bunu istəməsəydim, necə komanda rəhbəri olardım ki?
Mənim bəxtim onda gətirib ki, təkcə Maksla yox, həm də onun atası Yosla və meneceri Raymondla uzun illərdir dostluğumuz var. Bu dostluq dürüstlük və heç vaxt xəyanət etmədiyimiz etibar üzərində böyüyüb.
Amma düşünmürəm ki, indi Maksı Audi sükanı ilə birbaşa əlaqələndirmək üçün doğru vaxtdır”.
Ferstappenin Red Bull Racing ilə müqaviləsi 2028-ci ilin sonuna kimidir. Bununla belə, bir çox ekspertlər hesab edir ki, əgər 2026-cı ildə Milton-Kins komandasının maşını rəqabətədavamlı olmasa, 2027-ci ildə Maksın başqa komandaya keçməsi tam real ssenari olacaq.




Şərh əlavə et