Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Bakı ən pis həftəsonum idi

McLaren komandasının pilotu Oskar Piastri Bakıdakı çıxışını “yarış karyerimin ən pis həftəsonu” kimi xarakterizə edib.

Avstraliyalı pilot Azərbaycan Qran Prisinin sərbəst yürüşlərində yaşadığı texniki problem səbəbindən geriləmiş, sıralama turunda etdiyi qəza nəticəsində isə startda doqquzuncu yeri tutmuşdu. Yarışda pis start alan gənc sürücü geriyə düşmüş və ilk dövrə tamamlanmadan qəza edərək mübarizəni dayandırmışdı.

Bu hadisədən sonra o, bir neçə yarışda komanda yoldaşı Lando Norrisin sürətinə yaxınlaşmaqda çətinlik çəkib və çempionatda ikinciliyə enib.

Bakıdakı problemlər barədə danışan Piastri, Monzadakı hadisələrin hələ də təsiri altında olduğunu etiraf edib.

İtaliya Qran Prisində McLaren, pit-dən sonra Norrisin Piastrinin arxasında qalması səbəbindən iki pilotun yer dəyişməsini istəmişdi. Pit zamanı üstünlük Piastridə olsa da, Norrisin gecikmiş pit-stopu sonrası Avstraliyalı pilota mövqeyini qaytarmaq tapşırılmışdı. Bu vəziyyət Piastri və menecerinin yarışdan sonra komanda ilə müzakirə aparmasına səbəb olmuşdu.

Piastri həmin hadisənin Bakıdakı performansına da təsir etdiyini qəbul etsə də, bunun tək səbəb olmadığını vurğulayıb: “Bir çox faktor üst-üstə düşmüşdü. Monzadakı performansımdan razı deyildim, üstəlik pit-stoplardakı qarışıqlıq da təsir etdi. Bakıdakı cümə günü isə ümumiyyətlə heç nə yolunda getmirdi. Belə ki, maşını istədiyim kimi hiss etmirdim, limitdə sürürdüm və sürüşümdən məmnun deyildim”.

Pilot bildirib ki, ilk məşq sessiyasında mühərrik problemi yaşayıb və bu, tempini pozub. Komanda həmin sessiyada Pirellinin yeni, ən yumşaq C6 təkərlərini sınaqdan keçirirdi ki, onları idarə etmək kifayət qədər çətin idi: “Bir çox şey üst-üstə gəldi. Bakı əslində mükəmməl bir fırtına idi — hər şeyin səhv getdiyi bir həftəsonu. Amma texniki və emosional cəhətdən çox şey öyrəndim”.

Piastri səmimi etiraf edib: “Düzünü desəm, bu, yarış karyerimdəki ən pis həftəsonu idi. Lakin eyni zamanda ən çox öyrəndiklərimdən biri oldu. Belə vəziyyətlərə bu cür baxmağa başlayanda, onlardan çox şey qazanırsan.

Hər kəsin karyerasında pis gedən, fəlakət kimi görünən yarışlar olur. Bu idmanda heç kim belə bir həftəsonu yaşamadan karyerasını bitirmir. Vacib olan onlardan dərs çıxarmağı bacarmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et