Xəbəri Kokpitdə Oxuyun!

Cadillac-ın testləri davam edir

İmolada hava əladır və noyabrın sonu üçün hətta istiyə yaxın – havanın temperaturu günorta 18 dərəcəyə qədər qalxır. Səhərlər hava bir az sərin və yüngül duman olur, amma klassik İtaliya trasındakı ümumi şərait testlərin normal gedişinə tam imkan verir.

Bu, qeyri-adi test barədə artıq danışmışıq: Serxio Peres təxminən birillik fasilədən sonra ilk dəfə yenidən Formula 1 maşınının sükanı arxasına keçib. Cadillac F1-lə müqavilə bağlayan meksikalı pilot Ferrari SF-23-ü idarə edir – həm də tamamilə qara və loqotipsiz bir versiyanı…

Gazzetta dello Sport xatırladıb ki, Ferrari-nin tam qara maşını son dəfə 1997-ci ilin payızında görünmüşdü. O vaxt Mixael Şumaxer mövsümün finalında titulu əldən verdikdən sonra Fyoranoda 1998-ci il üçün hazırlanan F300-lə “gizli” testlər aparmışdı.

İndi isə Cadillac, debüt mövsümündə Ferrari mühərriklərindən istifadə edəcəyi üçün tərəflər arasındakı razılaşma çərçivəsində, reqlamentə uyğun TPC testləri (Testing of Previous Car – əvvəlki illərin maşını ilə testlər) keçirir.

Cadillac F1-in rəhbəri Grem Loudon bunu belə izah etmişdi: “Bizə belə testlər keçirmək icazəlidir, sadəcə hansısa komandanın maşınından istifadə etməliyik. Məqsəd öz işçilərimizi sınamaq, onların birlikdə işləməyə öyrəşməsi, prosedurları sürətli və koordinasiyalı formada yerinə yetirməsidir”.

Qara maşın İmolaya gətirilənə qədər Ferrari onu tam hazırlamış və Şarl Leklerin qardaşı, test-pilot Artur Lekler Fyoranoda bir neçə dövrə vuraraq ilkin yoxlama aparmışdı.

Bu gün də Enso və Dino Ferrari adına avtodromda testlər davam edir. Peres hətta bu sessiyalarda da tam qara kombinezon və dəbilqə ilə çalışır. Cadillac-ın təxminən 20 mühəndis və mexanikdən ibarət heyətinə Ferrari-nin 30 nəfərlik briqadası texniki dəstək verir.

Sergio Peres: “Düşünürəm ki, tras işlərinə başlamamız çox yaxşıdır. İndi bunun üçün ideal vaxtdır, çünki yanvar testləri yaxınlaşır. Bu iki gündə fiziki formamı yoxlamaq, nələri itirdiyimi görmək və üzərində işləməli olduğum məqamları müəyyənləşdirmək istəyirəm. Qış üçün əla göstərici olacaq…»

Valtteri Bottas isə Toto Volfdan icazə ala bilmədiyi üçün Cadillac-ın payız proqramına qoşula bilməyib. O, mövsümün sonuna qədər Mercedes-in ehtiyat pilotu kimi işləməyə davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et