Xəbəri Kokpitdə Oxuyun!

M.Vebber: Piastri çətin anlar yaşayır

Oskar Piastrinin menececeri Mark Vebber bildirib ki, Oskar hələ çox gəncdir və buna görə performansı təqdirəlayiqdir.

Avstraliyalı sürücü son beş mərhələdə cəmi 42 xal toplayıb, halbuki onun komanda yoldaşı Lando Norris bu müddətdə 97 xal qazanıb. Bunun nəticəsində Piastri çempionatdakı liderliyini itirib. Avstraliyalı pilotun meneceri Mark Vebber bildirib ki, o, Oskara Las-Veqas Qran Prisi öncəsi dəstək olmağı planlaşdırır.

Mark Vebber Channel 4 telekanalına açıqlamasında deyib: “Ona düzgün istiqaməti tapmaqda kömək etmək lazımdır. Məncə, onun motivasiyası azalmayıb. Sadəcə, hazırda çətin dövrdən keçir, amma burda əsas məsələ, vəziyyətdən çıxmaq üçün lazım olan xarakterdir. O, Formula 1-də cəmi üçüncü mövsümünü keçirir və toparlanmaq üçün özündə güc tapmalıdır.

Hələ karyerasının bu erkən mərhələsində çempionluq uğrunda mübarizə aparması sadəcə inanılmazdır. Məncə, bu səviyyədə yalnız Lyuis Həmilton buna bənzər nəticə əldə edib. Vacib olan budur ki, Oskarın öz baxış bucağını anlaya bilək və ona artıq təzyiq göstərməyək.

Mən titul uğrunda mübarizə aparanda artıq təcrübəli sürücü idim, karyeramın sonuna yaxınlaşırdım. Oskar isə hələ yeni başlayır, buna görə bizim vəziyyətlərimiz bir qədər fərqlidir. Biz onu ruhlandırırıq, lazım olanda qoruyuruq və görürəm ki, o, fürsətlərdən maksimum yararlanmaq üçün çox çalışır. Lakin yenə də unutmamaq lazımdır ki, onun karyerası hələ yeni başlayıb”.

Rauf Hacıyev

Şərh əlavə et