Xatırladaq ki, Elkann müsahibəsində belə demişdi: “Pilotlarımız daha çox sürməyə, daha az danışmağa diqqət etməlidirlər”.
Bu açıqlamadan az sonra həm Şarl Lekler, həm də Lyuis Həmilton sosial şəbəkələrdə komandaya dəstək xarakterli paylaşımlar ediblər.
İtaliya mətbuatının yazdığına görə, Elkanın sözləri əsasən nəticələri komanda yoldaşından geri qalan Lyuis Həmiltona yönəlmişdi.
Lakin Ferrari prezidentinin bu sərt çıxışı hamı tərəfindən müsbət qarşılanmayıb. 2009-cu ilin Dünya Çempionu Censon Batton sosial şəbəkədə bu açıqlamaya münasibət bildirərək yazıb: “Bəlkə Con özü nümunə göstərməyə çalışsın?”
Battonun bu replikası azarkeşlər tərəfindən əsasən müsbət qarşılanıb.
Digər tərəfdən, Ferrari-nin mətbuat xidməti prezidentin sözlərini yumşaltmağa çalışıb. Komandanın ESPN-ə verdiyi açıqlamada bildirilib ki, Elkanın şərhləri “konstruktiv xarakter daşıyır” və o, sadəcə komandanı ruhlandırmaq istəyib.
Lakin ESPN qeyd edib ki, bu, Elkanın açıqlamasına olduqca “yumşaq izah” kimi görünür. Nəşr yazır ki, bu sözlər “ya özünə inamsızlıq, ya da təkəbbür – bəlkə də hər ikisinin qarışığı” təsiri bağışlayır.
ESPN həmçinin vurğulayıb ki, Ferrari 2007-ci ildən bəri fərdi titul, 2008-ci ildən isə Mühəndislər Kubokunu qazana bilmir və Elkanın bu cür açıqlamaları komandanın Mixael Şumaxer dövründən əvvəl və sonra müşahidə olunan yuxarıdan gələn əsassız müdaxilələri xatırladır.




Şərh əlavə et