Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Braziliya sürprizlərə açıqdır

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Braziliyada fərqli strategiyalar yarışa rəng qatıb.

Interlaqos trasında sürücülər təkərlərin işi ilə bağlı narazılıqlar bildirsələr də, yarışdan sonra hər kəs nəticədən razı qalıb.

Mario İzola, Pirelli Motorsport-un direktoru:  “Interlaqos hər zaman sürprizlərlə dolu olur və bizə fantastik yarışlar bəxş edir. Keçən il yağan yağış tamaşaçılara əlavə həyəcan gətirmişdi, bu dəfə isə müxtəlif strategiyaların qarışığı və trasın özünəməxsus xüsusiyyətləri nəticəsində adətən olduğundan da çox ötmə gördük.

Maks Ferstappen bir daha təsirli performans göstərdi. O, pit yolundan start almasına baxmayaraq podiuma yüksəldi. Gənc Kimi Antonellini ikinci yerini qoruduğu üçün, həmçinin Lando Norrisi pouldan start alaraq qazandığı möhtəşəm qələbəyə görə təbrik edirəm.

Gözlədiyimiz kimi, sürücülər əsasən Soft və Medium təkərlərə üstünlük verdilər, ən geniş yayılmış taktika isə iki pit-stoplu strategiya oldu. Yarışın əvvəlində təhlükəsizlik maşınının real və virtual rejimdə trasda olması və təkərlərin yeyilmə səviyyəsi komandaları bu seçimə sövq etdi.

Hard təkərlər isə demək olar ki, işlədilmədi. Yağış tras səthindəki rezin qatını yuyub apardığından, bu təkərlər çox sürüşkən idi. Hər sürücünün pit-stop üçün fərqli dövrə seçməsi təkərlərin davranışına və ötmələrin sayına təsir etdi, nəticədə biz çox gözəl yarış izlədik.

Bir pit-stopla yarışı başa vuran iki sürücü – Liam Louson və Niko Hülkenberq – təkərlərinə xüsusilə ehtiyatla yanaşmalı oldular, lakin onların nəticəsi bu strategiyanın da işlək olduğunu sübut etdi.

Uzun zamandır bu qədər müxtəlif strategiyalar – bir, iki və üç pit-stopla fərqli təkər kombinasiyaları – görməmişdik. Quru trasda belə müxtəlif yanaşmalar yarışa əlavə rəng qatdı”.

Rauf Hacıyev

Şərh əlavə et