Şənbə proqramının hər iki əsas hadisəsində — həm sprint yarışında, həm də əsas yarışın təsnifat mərhələsində McLaren komandasının pilotu Lando Norris fərqlənib. O, dəyişkən şəraitdə ən yaxşısı olub, çünki zəif asfaltla ilişməyə əlavə olaraq güclü və dəyişkən külək də pilotları çətin vəziyyətə salmışdı.
Şənbə gününün yekunlarını Pirelli Motorsport-un rəhbəri Mario İzola şərh edib: “Trasın vəziyyəti dünən günün sonunda daha yaxşı idi, lakin gecə boyu davam edən yağış və onun səhər dayanması səbəbindən hər şey yenidən dəyişdi. Cümə gününə nisbətən asfalt örtüyü daha da pisləşdi.
Nəticədə sprintdə dövrəvi nəticələr təkcə cümədən yox, keçənilki sessiyalardan da zəif idi. Güclü külək də əlavə çətinlik yaratdı və komandalar balans seçimini düzgün tuta bilmirdilər.
Bununla belə, təsnifat mərhələsində nəhayət ki, Medium və Soft təkərlər arasında sürət fərqi aydın göründü. Bu fərq təxminən 0,2–0,3 saniyə civarındadır. Dünən bu fərqin dəqiq olub-olmadığı bəlli deyildi, çünki pilotlar ən yumşaq təkərlərlə çox az dövrə vurmuşdular.
Bu həftəsonu da bir pit-stoplu və iki pit-stoplu taktikalarda ciddi fərq gözlənilmir.
Bir pit-stop strategiyasına üstünlük verənlər üçün ən məntiqli variant Soft təkərlərlə start alıb sonradan Medium-a keçmək olacaq. Amma iki strategiya arasındakı fərq çox böyük deyil, çünki təkərlərin yeyilməsi bu fərqi azaldır.
Asfaltın aşağı temperaturu Hard tərkibli təkərləri lazımi dərəcədə qızdırmağı çətinləşdirir, çünki təkərlər sürüşməyə daha çox meyllidir.
Yumşaq təkərlərlə başlayanlar isə təxminən 24–30-cu dövrələr aralığında pit-stop edib Medium-a keçməlidirlər. Sprintdə C4 tərkibli təkərlərdə arxa hissənin yeyilməsi yüksək idi, bu da maşının sürətlənməsinə mənfi təsir edirdi. Buna görə də bu təkərlərlə pilotlar diqqətli davranmalıdırlar. Sprint zamanı Soft təkərlərin sürətlə aşınması mümkündü, ancaq yarış qırmızı bayraq səbəbilə dayandırıldığından pilotlar Medium-a keçə bildilər.
İki pit-stoplu variantda da bir hissə Soft təkərlərlə gedilir. Əgər bu təkərlərlə start alınsa, yarışın əvvəlində az da olsa üstünlük qazanmaq mümkündür. Sonra C3-ə keçib, yekun hissədə isə Soft və ya Medium arasında seçim edilərək finişə qədər davam etmək olar”.




Şərh əlavə et