Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Burada qələbə inanılmazdır

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Braziliyada qalib gəlmək inanılmaz hissdir.

Britaniyalı sürücü Braziliya Qran-Prisində möhtəşəm çıxışla qalib gələrək ideal həftəsonuna nöqtə qoyub. O, mümkün olan bütün xalları toplayıb və çempionatdakı üstünlüyünü 24-ə yüksəldib.

Lando Norris:  “Bir az yorulmuşam, çünki yarış boyu fasiləsiz hücumda idim, amma yarış sadəcə əla keçdi! Braziliyada qalib gəlmək həqiqətən möhtəşəm hissdir!

Bura heyrətamiz trasdır, azarkeşlər isə inanılmazdır. Bu qələbəni iki il əvvəl dünyasını dəyişən və mənim müəllimlərimdən biri olan Jil de Ferrana həsr edirəm. Həftəsonu hər mənada ideal alındı və bu uğuru ona ithaf edirəm. Mən əminəm ki, o, bizimlə qürur duyardı.

Hazırda hər şey yaxşı gedir. Haqqımızda kim nə danışır, vecimə deyil, çünki mən yalnız öz işimə fokuslanıram. McLaren komandası da işinin öhdəsindən əla gəlir və mənə mükəmməl bir maşın verib.

Hər həftəsonu maksimum güclə hücum edirik, ancaq eyni zamanda komanda üçün trasdan kənarda da əlimdən gələni edirəm. Çox məmnunam, baxmayaraq ki, bu uğura asanlıqla çatmadıq. Açığını desəm, bu gün ən sürətli biz deyildik, lakin yarışın sonuna qədər dözüb qələbəni qazanmağımıza sevinirəm.

Bu, çox vacib nailiyyətdir, amma Maks Verstappenin sürətini görüb düşünürəm ki, bir az da yaxşı ola bilərdik. Bunun səbəbini komandayla birlikdə təhlil edəcəyik, ancaq əvvəlcə hamını təbrik edəcəyəm.

Çempionatın sonuna hələ çox var və vəziyyət istənilən an dəyişə bilər. Mən isə sadəcə öz işimə fokuslanmaq və heç kimə fikir vermədən performansımı davam etdirmək niyyətindəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et