Braziliyalı sürücü Formula 1-də debüt mövsümünü inamla keçirib və indiyədək 19 xal toplayıb. Doğma İnterlaqos trasında Sauber pilotundan mövsümdəki çıxışlarını digər debütantlarla müqayisə etməsi istənilib.
Qabriel Bortoleto: “Debütantları bir-biri ilə müqayisə etmək çox çətindir, çünki hamımız fərqli maşınlarda yarışırıq. Kiminsə maşını daha sürətlidir, kiminsə daha zəifdir və bu, həmişə belə olacaq. Performansı qiymətləndirməyin yeganə yolu komanda yoldaşınla nəticələri müqayisə etmək və fərdi çıxışlara baxmaqdır.
Keçirdiyim mövsümlə qürur duyuram. Ümumilikdə çox pozitiv mövsüm alındı. Mövsümün əvvəlində maşınla bağlı çətinliklər var idi, amma gətirilən yeniliklər sayəsində xallar uğrunda mübarizə aparmağa başladıq. Dörd-beş dəfə final sessiyasına çıxmışam. Ümumən razıyam və mövsümü pis keçirmədiyimi düşünürəm.
Əgər ən yaxşı debütantı seçmək lazım olsa, özümü seçərdim. Ancaq eyni şəkildə Ayzek Hacar da ən yaxşı debütantın özü olduğunu deyəcək və bu, heç nəyi dəyişmir. Bizim “ən yaxşı yeni pilot” adına ayrıca çempionatımız yoxdur.
Ayzek bu ili çox güclü keçirib, lakin son üç-dörd yarışda Oliver Berman da əla performans göstərdi. Xüsusilə Meksikadakı çıxışı inanılmaz idi. Əgər o son üç yarış olmasaydı, Ayzeki daha yüksək dəyərləndirərdim, amma indi Oliver də çox yaxşı təsir bağışlayır”.




Şərh əlavə et