Mark Markes ötən ay Mandalika yarışının ilk dövrəsində Aprilia komandasının sürücüsü Marko Bezzekki ilə təmasdan sonra sağ çiynindən əməliyyat olmuşdu. Əməliyyat uğurlu keçsə də, altıqat MotoGP Dünya Çempionunun bərpa prosesinə başlamazdan əvvəl dörd həftə ərzində qolunu tam hərəkətsiz vəziyyətdə saxlamalı olduğu bildirilib. Bu səbəbdən o, mövsümün qalan hissəsini buraxmalı olub.
Markesin vəziyyəti ilə bağlı ilk tibbi açıqlamanı verən Dr. Çarte, Ducati pilotunun tam sağalması üçün əlavə vaxta ehtiyacı olduğunu deyib, çünki həmin çiynin 2020-ci ildə Xeresdə baş verən qəza zamanı artıq ciddi şəkildə zədələndiyini xatırladıb.
AS qəzetinə danışan Çarte belə deyib: “Markes düzgün qərar verdi, çünki bu, sadə bir zədə deyil. Bu, çox ciddi zədələnmədir. Həmin qol artıq dörd əməliyyat keçirib. Onun da dediyi kimi, 100 faiz sağalmadan qayıtmaq olmaz. Bədənə özünü bərpa etməsi üçün vaxt vermək lazımdır.
Əvvəlki zədə bu hadisədən təsirlənməyib. Sadəcə, qol sümüyündə bir az əyilmiş vint aşkar olundu və o düzəldildi. Həmçinin korakoid sümüyünün — çiynin alt hissəsində, körpücük sümüyünün altında yerləşən kiçik çıxıntının — özünəməxsus bir quruluşu var. Kiçik görünsə də, çox vacib sümükdür.
İndi bərpa prosesi daha sakit və ehtiyatlı şəkildə aparılmalıdır. Markesin tutduğu mövqe tamamilə doğrudur. Mən də onun yerində olsaydım eyni qərarı verərdim”.
Çarte həmçinin əlavə edib ki, Markesin emosional vəziyyəti də yaxşıdır: “O əlindən gələni etdi və indi istirahəti tamamilə layiqdir. Mövsüm ərzində heyrətamiz performans göstərdi. Bu vəziyyətdə tez qayıtmağın isə heç bir mənası olmazdı. Bu, sadəcə lazımsız risk olardı. Əgər tələsərək dönsəydi, karyerasını təhlükəyə atardı”.




Şərh əlavə et