Xəbəri Kokpitdə Oxuyun!

Portimaoda Aleks Markes yaxşı başlayıb

Portuqaliyada keçirilən MotoGP mərhələsinin ilk sərbəst yürüşündə ən sürətli pilot Aleks Markes olub.

Portimaoda yaşıl işıqlar yanan kimi həftəsonunun ilk sessiyası start götürüb və ilk dövrədə Pedro Akosta 1:40 civarında nəticə göstərib. Pol Esparqaro 3-cü döngədə yıxılıb, lakin sürücülər dövrəvi nəticələrini getdikcə yaxşılaşdırmağa davam ediblər.

Seansın yarısında Aleks Markes 1:39.145 nəticə ilə zirvəyə yüksəlib. Fermin Aldequer üçüncü yerdə qərarlaşıb, onu Franko Morbidelli və Pedro Akosta izləyiblər.

Bu vaxt Raul Fernandes birinci döngədə ağır qəza keçirib. Xoşbəxtlikdən, yıxıldıqdan sonra motosikletlə təmasdan yayınaraq baryerlərin arxasına keçə bilib. Qəzadan sonra Fernandes tibbi mərkəzə aparılıb.

Sessiyanın sonuna 12 dəqiqə qalmış, yarış idarəsi tərəfindən yağış bayraqları qaldırılıb.

Damalı bayraq dalğalananda Aleks Markes vaxt cədvəlinin zirvəsində yer alıb. Onun 0.2 saniyə gerisində Marko Bezzekki ikinci olub, ilk üçlüyü isə Cek Miller tamamlayıb.

Onların ardınca Yohan Zarko, Pol Esparqaro və Franko Morbidelli qərarlaşıblar. İlk onluq Luka Marini, Xoan Mir, Pedro Akosta və Fermin Aldequer ilə tamamlanıb.

Nikolo Buleqa, Markesdən 0.928 saniyə geridə qalaraq 14-cü olub, çempionatın hazırkı liderlərindən biri olan Françesko Banyaya isə 1:40.306-lıq nəticə ilə yalnız 17-ci yerdə qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et