Avstraliyalı pilot bu mövsüm titul qazanmaq şansına şübhə ilə yanaşan tənqidçilərə cavab verib. Bəzi mütəxəssislər, o cümlədən keçmiş dünya çempionları Deymon Hill və Jak Vilnöv iddia ediblər ki, McLaren pilotu təzyiqə tab gətirə bilmir. Amma San-Pauluda Oskar bu fikirlərə münasibət bildirib.
Oskar Piastri: “İnsanlar istədikləri kimi düşünə bilərlər, elə deyilmi? Mən bilirəm ki, titul qazanmaq üçün lazım olan hər şeyə sahibəm.
Bəli, müəyyən çətinliklərim olub, amma bu mövsümdə hamı bir vaxtlar “yolun kələ-kötür hissəsinə” düşüb. Son bir neçə həftəsonundan çox dəyərli təcrübə qazandığıma inanıram və builki ən yaxşı formama qayıda biləcəyimə əminəm. İlin sonuna qədər hələ çox dövrə qalır və mən inanıram ki, qalib gəlmək gücünə malikəm.
Ostin və Mexiko yarışları bir çox digər mərhələlərdən fərqli idi. Bəzən öz səhvlərim, bəzən də komandanın maşından maksimumu çıxara bilməməsi səbəbindən çətinliklərim olurdu.
Ostin və Mexikoda bəzi məqamlar vardı ki, tamamilə fərqli sürmə tərzi tələb edirdi. Bu iki yarış bir-birinə bənzəyirdi, lakin mən onların heç birini uğursuz və ya faciəvi hesab etmirəm. Bəli, müəyyən səhvlər baş verdi, ancaq bu iki həftəsonu mənə çox vacib dərslər qazandırıb”.




Şərh əlavə et