Proqnoz yarış həftəsonu ərzində havanın pisləşəcəyini göstərsə də, cümə günü əvvəlcə səma tutqun idi, sonra günəş çıxıb trasın temperaturu artırıb.
Dünən mətbuatla görüşü buraxan Karlos Sayns bir qədər özünü pis hiss etsə də, sükan arxasına keçib. Sessiya beş dəqiqə gec başlayıb – marşallar birinci döngədə tarixi avtomobillərin paradından qalan izləri təmizləyiblər. Pilotlar pit-leynə düzülüb, yaşıl işıq yanar-yanmaz Hard təkərlərlə trasa çıxıblar.
Bir neçə dəqiqə sonra Tsunodanı 4 və 5-ci döngələr arasındakı kerbdə maşın fırladıb – bolid trasdan çıxıb baryerə toxunub və orada karbon qırıntıları qalıb. Zərbə güclü olmayıb, Yuki maşını özü boksa qaytarıb, amma mexaniklər asılqanı bərpa edərkən yarım saat itirib.
Beşinci döngədən çıxarkən Antonelli ləng hərəkət edən Berman və Həmiltonun arasında qalıb, sərt ifadələr işlətsə də, hər ikisinin arasından keçib. Bənzər vəziyyət Piastri ilə Həcər arasında da yaşanıb – altıncı döngəyə gələrkən Oskar sola doğru yönəlib və arxasında gələn Ayzeki görməyib, nəticədə onu trasdan kənara sıxışdırıb.
Norris bir neçə dövrədən sonra boksa qayıdıb, amma ön əyləclər tüstülənib – mexaniklər təkərləri çıxarıb əyləclərin soyumasını gözləməli olublar. Ferstappenin maşını dördüncü döngədəki kerbdə silkələnib, ilk cəhddə trasda qalıb, amma ikinci dəfə sərhədləri aşaraq trasdan çıxıb, bolidə zərər dəyməyib.
Son iyirmi dəqiqədə asfaltın vəziyyəti yaxşılaşıb, pilotlar Medium və Soft təkərlərə keçiblər və sürətlər artıb. Ferrari pilotları isə Hard təkərlərdə qalaraq protokolun sonuna düşüblər. Sessiyanın sonunda Həmilton 11-ci döngədən çıxarkən əyləcləmə zamanı yerində iki dəfə fırlanıb və boksa qayıdıb.




Şərh əlavə et