Braziliyada sprint sıralanma turunda hava buludlu və quru olub. Havanın temperaturu 19 dərəcə, trasın temperaturu isə 34-40 dərəcə olub.
Ardıcıl ikinci il hava şəraiti Braziliya həftəsonunun əsas amillərindən birinə çevrilə bilər. Belə ki, şənbə gecəsi San-Pauluya tayfun yaxınlaşacaq və bu səbəbdən Formula 1 rəhbərliyi vəziyyətlə bağlı xüsusi brifinq keçirib. Ancaq cümə günü havalar isti və günəşli idi, tribunalar isə sevincli azarkeşlərlə dolmuşdu.
Səhər saatlarında pilotlar yeganə sərbəst yürüş sessiyasına çıxıblar. Ciddi insident qeydə alınmayıb və ötən il olduğu kimi, ən yaxşı vaxtı son saniyələrdə Lando Norris göstərib. Qaydalara uyğun olaraq üç saat sonra pilotlar şənbə sprinti üçün sıralanma turuna çıxıblar.
Pirelli bu mərhələyə ötən illə müqayisədə bir pillə sərt olan təkər tərkiblərini gətirib: C2 – Hard, C3 – Medium, C4 – Soft.
Birinci sessiya (SQ1)
Bütün pilotlar qaydalara əsasən Medium təkərlərlə trasda olublar. Havanın temperaturu tədricən düşür, ideal trayektoriya isə təkər qalıqları ilə örtüldükcə tras get-gedə sürətlənirdi.
Pilotlar bir-birini liderlikdən salırdı və sonda ən yaxşı dövrəni Lando Norris (1:09.627) vurub.
Mübarizəni Kolapinto, Louson, Tsunoda, Okon və ilk döngədə təkərləri bloklayan Sayns dayandırıblar.
İkinci sessiya (SQ2)
Pilotlar yenə Medium təkərlərlə trasa çıxıblar. Tras daha da sürətlənmişdi. Artıq ilk cəhdlərdə altı pilot SQ1 nəticələrindən daha yaxşı vaxt göstərə bilib. Ən yaxşı dövrəni Fernando Alonso (1:09.330) vurub.
İkinci cəhdlərdə əksər pilotlar zamanlarını yaxşılaşdıra bilməyib, çünki Leklerin yerində fırlanması səbəbilə sarı bayraqlar dalğalanıb və nəticədə Alonsonun vaxtı dəyişməz qalıb.
Finala Həmilton, Elbon, Qasli, Bortoleto və Berman keçə bilməyiblər.
Final sessiyası (SQ3)
Bütün pilotlar Soft təkərlərlə trasda olublar. Soft təkərlərlə güc nisbəti bir qədər dəyişsə də, mübarizə yenə çox gərgin keçib.
Ən sürətli dövrə yenidən Lando Norrisə məxsus olub. O, Kimi Antonellini cəmi 0,1 fərqlə qabaqlayıb. Piastri isə üçüncü yeri tutub.
Bu nəticə ilə Lando Norris karyerasında dördüncü dəfə sprint sıralanmasında poul qazanıb.
Şənbə günü o, ilk cərgədə Kimi Antonelli ilə yanaşı start alacaq. İkinci cərgədə Piastri və Rassell, üçüncü cərgədə isə Alonso və Ferstappen olacaq.




Şərh əlavə et