Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Şansları real qiymətləndirmək lazımdır

Maks Ferstappen etiraf edib ki, Lando Norris və Oskar Piastrini titul uğrunda mübarizədə keçmək üçün ona bir qədər şans da lazım olacaq.

Mövsümün bitməsinə dörd mərhələ qalmış Red Bull Racing pilotu şəxsi hesabda lider olan Norrisə 36 xal uduzur. Beləliklə, Ferstappen çempion olmaq üçün hər həftəsonu McLaren pilotlarından orta hesabla doqquz xal çox toplamalıdır.

“Bir neçə yaxşı mərhələ keçirdik və fərqi bir qədər azaltdıq, amma o hələ də böyükdür, üstəlik mövsümün sonuna cəmi dörd yarış qalıb, – deyə Maks Ferstappen İnterlaqos paddokunda jurnalistlərlə söhbətində bildirib. – Hər həftəsonu Norrisdən və Piastridən xeyli çox xal toplamalıyam, amma bunu etmək asan deyil.

Əgər indi 2023-cü ildəki kimi üstünlüyümüz olsaydı və dörd yarışda 36 xal çox qazanmalı olsaydım, deyərdim: Heç problem deyil, asan olacaq. Amma bu mövsüm vəziyyət bir qədər fərqlidir, ona görə hər həftəsonu ideal işləmək lazımdır.

Bəlkə də hansısa mərhələdə bir az bəxtimiz gətirməli olacaq ki, daha çox xal toplayaq, amma özümüz də maksimum dərəcədə çalışmalıyıq. İl sonunda bunun kifayət edib-etməyəcəyini bilmirəm, amma itirəcəyim heç nə yoxdur. Ən pis halda üçüncü olacam, ən yaxşı halda isə titul qazanacam.

Mən təzyiq hiss etmirəm. Hətta çempion olmasam belə, bu mövsümü yaxşı hesab edə bilərəm. Amma şansları real qiymətləndirmək lazımdır – qarşıdakı vəzifə çox çətindir.

Təkcə bu faktın özü diqqətəlayiqdir ki, belə mövsümdən sonra hələ də mübarizəni davam etdirdiyimizi deyirik. Əlbəttə, bu, komandadakı dəyişikliklərlə və onların təslim olmaması ilə bağlıdır – bu da bizim gücümüzü göstərir. Bütün bunlar doğrudan da çox təsir edicidir”.

Elçin Zodorov

Şərh əlavə et