Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton bir ilkə imza atır

Bu həftəsonu keçiriləcək Braziliya Qran Prisində Lyuis Həmilton ilk dəfə Ferrari pilotu kimi yarışacaq. Bu, onun uşaqlıqdan idol saydığı Ayrton Sennanın heç vaxt edə bilmədiyi bir şeydir.

Bu həftəsonu keçiriləcək Braziliya Qran Prisində Lyuis Həmilton ilk dəfə Ferrari pilotu kimi yarışacaq. Bu, onun uşaqlıqdan idol saydığı Ayrton Sennanın heç vaxt edə bilmədiyi bir şeydir.

Braziliyalı əfsanə Ayrton Senna karyerası ərzində üç dünya çempionluğu qazanıb və İnterlaqosdakı ev yarışını 1991 və 1993-cü illərdə McLaren ilə iki dəfə qazanmışdı. Sennanın vətənindəki sevgisi və Formula 1-ə təsiri bu gün də dərin şəkildə hiss olunur.

Buna baxmayaraq, Sennanın karyerasında əskik qalan bir parça Ferrari idi. O, “xəyalım” adlandırdığı Maranello komandasına heç vaxt qoşula bilməmişdi. Belə ki, 1994-cü ildə İmoladakı faciəvi qəza buna imkan verməmişdi.

Sennaya olan heyranlığı ilə tanınan Həmilton bu həftəsonu həmin arzunu Ferrari ilə gerçəkləşdirəcək.

Britaniyalı pilot GQ Brazil jurnalına verdiyi müsahibədə bu yarışda Braziliya bayrağının rənglərini daşıyan xüsusi dəbilqə taxacağını açıqlayıb. Beləliklə, Ferrari pilotunun dəbilqəsin ilk dəfə Braziliya bayrağı yer alacaq.

Lyuis Həmilton: “Bu qəribə bir hissdir, çünki böyüyəndə Ayrtonu izləyirdim və hamı kimi mən də həmişə düşünürdüm: ‘Kaş Ayrton Ferrari-də yarışaydı’…

İndi isə ilk dəfə Braziliya bayrağını daşıyan bir Ferrari dəbilqəsi San-Pauluda trasda olacaq.

Ümid edirəm ki, burada — Senna və ailəsi kimi — insanları qürurlandıra bilərəm.”

Hamilton Braziliya Qran Prisində üç dəfə qələbə qazanıb — 2016, 2018 və 2021-ci illərdə. Elə 2008-ci ildə Timo Qloku son döngədə keçərək ilk dünya çempionluğunu qazandığı məşhur an da İnterlaqosda baş vermişdi.

O həmin günü belə xatırlayıb:

“Buraya ilk gəlişim özü-özlüyündə böyük bir həyəcan idi. Ayrtona ən çox o zaman yaxınlıq hiss etmişdim. Onu uşaqlıqda yalnız filmlərdə və televizorda görə bilirdim. Nəhayət, onun ölkəsində olmaq çox xüsusi idi.”

Hamilton ötən il Senna-nın bolidini idarə etdiyi anı da belə xatırlayıb:

“Bu, mənim üçün inanılmaz bir an idi, çünki onu həmişə bu trasda dövrə vurarkən izləyirdim. Yeganə təəssüf doğuran şey, trasın yaş olması idi — quru olsaydı, daha da xüsusi olardı. Amma bura həmişə ya bürkülü isti, ya da tamamilə yaş olur.”

Sonda britaniyalı pilot əlavə edib:

“Ümid edirəm ki, bu il yaşadığımız bütün çətinliklər bizi məhz bu həftəsonuna hazırlayıb.”

Rauf Hacıyev

Şərh əlavə et