Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls incəsənət tədbiri keçirəcək

Racing Bulls komandası azarkeşləri bədii yaradıcılıqla musiqinin birləşdiyi və San-Paulunun özünəməxsus atmosferini hiss etdirməyi hədəfləyən xüsusi tədbirə dəvət edib.

Çərşənbə axşamı axşam saatlarında şəhərin turistlər arasında məşhur olan Beco do Batman məhəlləsində yerləşən ZIV qalereyasında “VCARB Yaradıcılıq Platforması” adlı proqram çərçivəsində yerli gənc rəssam Mari Balbinot çıxış edəcək. O, cəsarətli və emosional qraffitiləri ilə tanınır.

Sözügedən məhəllə elə bu cür divar rəsmləri və mural sənəti ilə məşhurdu, elə buna görə də turistlər tez-tez ora üz tuturlar. ZIV qalereyasında Mari öz əsərini tamaşaçılar qarşısında yaradacaq və Racing Bulls nümayəndələrinin sözlərinə görə, onun işlərində San-Paulu Qran Prisinə aid motivlər də yer alacaq.

Tədbirdə həmçinin Braziliyalı pilot və Racing Bulls-un gənc sürücülər proqramının üzvü Rafaela Ferreyra da iştirak edəcək. O, komandanı təmsil edəcək və azarkeşlərlə görüşəcək.

Bununla da tədbir bitməyəcək. Belə ki, Mari yaradıcılığını trasda da davam etdirəcək. Cümə axşamı o, komandanın pilotları Ayzek Hacar və Liam Louson ilə birlikdə komandanın qarajında öz işlərini nümayiş etdirəcək.

Braziliyalı rəssam həmçinin Racing Bulls komandasının qarşıdakı Qran Priyə həsr etdiyi rəsmi posterin müəllifi olub (poster hələlik ictimaiyyətə təqdim edilməyib) və komandanın xüsusi dizaynlı köynəklərini də hazırlayıb. Bu köynəklər yarışdan sonra azarkeşlərə hədiyyə ediləcək.

Rauf Hacıyev

Şərh əlavə et