Xəbəri Kokpitdə Oxuyun!

Pirelli daha sərt təkərlərlə gəlir

Pirelli şirkəti San-Paulu Qran Prisi üçün ötən illə müqayisədə bir pillə daha sərt tərkiblər hazırlayıb. 2023-cü ildə C2, C3 və C4 tərkibləri müvafiq olaraq Hard, Medium və Soft kimi istifadə olunmuşdu.

Ötən il cümə və şənbə günlərində məlum olmuşdu ki, quru təkərlər xüsusilə ön oxlarda yüksək yeyilmə və deqradasiyaya məruz qalır. Trasın asfalt örtüyü tamamilə yeniləndiyindən onun səthi əvvəlki illərlə müqayisədə daha hamar və az aşındırıcı idi, lakin döngələr boyunca hələ də çoxlu xırda qabarıqlıqlar qalırdı.

Əgər bu il hava şəraiti oxşar olsa, asfaltın təbii köhnəlməsini də nəzərə alaraq, daha sərt tərkiblərin yeyilməyə qarşı daha davamlı olacağı gözlənilir. Üstəlik, 2025-ci ildəki bütün təkər tərkibləri əvvəlkilərlə müqayisədə deqradasiyaya daha az meyllidir. Bu səbəbdən komandaların Soft təkərlərdən daha geniş istifadə etmək imkanı olacaq. Keçən il bu təkərlər yalnız sprint üçün keçirilən sıralanma mərhələsində işə yaramışdı.

Interlaqos trası maraqlı konfiqurasiyaya malikdir. Belə ki, hərəkət istiqaməti saat əqrəbinin əksinədir və 15 döngədə təkərlərə orta səviyyədə yük düşür. Pirelli qeyd edir ki, burada həm eninə, həm də uzununa qüvvələr təxminən bərabər paylanır, eyni sözləri maşının ön və arxa oxları üzrə yük bölgüsü barədə də demək olar.

İlin bu vaxtında yağış ehtimalı yüksəkdir, temperatur isə geniş diapazonda dəyişə bilər. Bu səbəbdən komandalar böyük ehtimalla yağış üçün nəzərdə tutulan təkərlərlə də işləməli olacaqlar. 2024-cü ildə də eyni vəziyyət yaşanmışdı. Lakin əgər yarış quru asfalt üzərində keçirilmiş olsaydı, məşqlərdə toplanan yeyilmə və deqradasiya məlumatlarına əsasən, ən optimal strategiya iki pit-stopdan ibarət olardı.

Rauf Hacıyev

Şərh əlavə et