Xəbəri Kokpitdə Oxuyun!

F1 Heineken-lə müqaviləni uzadıb

Formula 1 rəhbərliyi 2016-cı ildən bəri çempionatın qlobal tərəfdaşı olan Heineken şirkəti ilə müqavilənin uzadıldığını elan edib.

Yeni əməkdaşlıq bir neçə il müddətinə nəzərdə tutulub. Heineken hər mövsüm üç Qran Prinin titul sponsoru olacaq və məsuliyyətli alkoqol istehlakı ilə bağlı maarifləndirici kampaniyalarını davam etdirəcək.

Bundan əlavə şirkət mövsümlük abunəliklər təqdim etməyə başlayacaq. Bu abunəliyə sahib olanlar və onların qonaqları bütün mövsüm boyu keçirilən Qran Prilərə giriş imkanı, ödənilmiş nəqliyyat və qalma xərcləri qazanacaqlar.

Stefano Domenikali, Formula 1-in prezidenti və icraçı direktoru: “Artıq on ilə yaxındır ki, Heineken Formula 1-i dəstəkləyir və azarkeşlər üçün misilsiz təcrübələr yaratmaq həvəsini bizimlə bölüşür. Heineken ailəsinə və şirkətə bu illər ərzində göstərdikləri sabit dəstəyə görə təşəkkür edirəm.

Əminəm ki, bu əməkdaşlıq qarşıdakı illərdə də həm trasda, həm də onun hüdudlarından kənarda azarkeşlərə zövq verməyə davam edəcək. Yenilikçilik avtoidmanın ayrılmaz hissəsidir və məni sevindirən odur ki, Heineken azarkeşlərlə əlaqəni daha da gücləndirərək onların trasdakı hadisələrə bir addım da yaxın olmasını təmin edir”.

Rauf Hacıyev

Şərh əlavə et