Səhər saatlarında braziliyalı pilotun vəkilləri çıxış ediblər və Massa özü də iclasda iştirak edib. Onlar cavabdeh tərəfin ilkin arqumentlərinə münasibət bildiriblər. Günortadan sonra isə Berni Ekklstounun vəkili Devid Qest, FIA-nın nümayəndəsi Con Mergad və FOM-un vəkili Anneliza Dey söz alıblar.
Con Mergad dinləməni “tamamilə vaxt itkisi” adlandırıb. Onun sözlərinə görə, Massa tərəfinin əsas arqumenti Ekklstoun və Maks Moslinin Nelson Pikenin 2008-ci il Sinqapur Qran Prisində qəsdən qəza törətməsi faktını gizlətmək qərarı üzərində qurulmuş “guya mövcud olan” bir sui-qəsd iddiasıdır.
Mergad əlavə edib ki, Massanın müqavilə pozuntusu və FIA-nın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı arqumentləri sadəcə “zəif işin şişirdilməsi” məqsədi daşıyır.
Massanın müdafiəsi Berni Ekklstounun 2023-cü ilin martında F1-Insider nəşrinə verdiyi müsahibəyə əsaslanır. Həmin müsahibədə Ekksltoun bildirmişdi ki, 2008-ci il Braziliya Qran Prisində artıq qəzanın qəsdən törədildiyini bilib, lakin Mosli ilə birgə bunu gizlətmək qərarına gəlib.
Massanın vəkilləri iddia edir ki, iddianın müddəti 2009-cu ildə FIA-nın hesabatının dərcindən yox, 2023-cü ildə həmin müsahibənin dərcindən etibarən başlayır.
Lakin FOM-un nümayəndəsi Anneliza Dey bu arqumenti rədd edib. O bildirib ki, Massanın 2009-cu ildə bütün faktları “birləşdirə bilməməsi” hüquqi baxımdan əhəmiyyət daşımır, çünki o dövrdə Mosli, Ekklstoun və Çarli Vaytinqin arasında əlaqələrin mövcudluğu hamıya məlum idi. Məhz Vaytinq Nelson Pikenin qəzanı bilərəkdən törətdiyini demişdi.
Deyin sözlərinə görə, bu faktın özü Massanın hadisədən 2008-ci ildə xəbərdar olduğunu açıq şəkildə göstərir: “Massa bunu bilirdi. O, bütün bu müddət ərzində bilirdi. Massa-nın bundan xəbərsiz olduğunu iddia etmək əsassızdır. Bunu anlamaq üçün məhkəməyə belə ehtiyac yoxdur.”
Anneliza Dey həmçinin diqqətə çatdırıb ki, Massa 2009-cu ilin payızında FIA-nın hesabatından sonra müstəqil hüquqi məsləhət almağa cəhd etməyib, yalnız Ferrari-nin hüquqşünaslarının “heç nə edə bilməzsən” sözlərinə inanıb. “Düzgün düşünən bir insan bu vəziyyətdə müstəqil hüquqi məsləhət alardı”.
İlkin dinləmələr bununla yekunlaşıb. Hakim Cey bildirib ki, tam məhkəmə araşdırmasının yekun qərarı yaxın vaxtlarda elan olunacaq, baxmayaraq ki, onun digər iş öhdəlikləri var. Hakim həmçinin öz qərar layihəsinin məxfi saxlanılmasının vacibliyini vurğulayıb.




Şərh əlavə et