Xəbəri Kokpitdə Oxuyun!

Ferrari və Aston Martin də Hot Wheels-in kolleksiyasındadır

Formula 1 ilə Hot Wheels arasındakı əməkdaşlıq genişlənib — Ferrari və Aston Martin kolleksiyaya əlavə olunub.

Formula 1 və “Mattel” şirkəti arasındakı əməkdaşlıq 2025-ci ildə yeni mərhələyə yüksəlib. Artıq “Ferrari” və “Aston Martin” modelləri də “Hot Wheels Formula 1”in 1:64 miqyaslı kolleksiyasına daxil edilib. Bununla da azarkeşlər peletondakı bütün komandaların miniatür modellərini tam şəkildə əldə edə biləcəklər.

Əməkdaşlığın ilkin mərhələsində kolleksiyada bütün komandalar yer alsa da, “Ferrari” və “Aston Martin” modelləri çatışmırdı. İndi isə azarkeşlər “Ferrari”nin ikonik qırmızı rəngini və “Aston Martin”in klassik “British racing green” tonundakı avtomobilini kolleksiyalarına əlavə edə biləcəklər.

Formula 1-in kommersiya direktoru Emili Preyzer yeniliyi belə dəyərləndirib: “Bütün komandaların təmsil olunduğu 2025-ci il Hot Wheels Formula 1 kolleksiyasını görmək möhtəşəmdir. Hot Wheels-in detallara göstərdiyi diqqət təsiredicidir. Hər bir model dizaynı və rəngi ilə gerçəyinə sadiq qalaraq azarkeşlərə evlərində Formula 1-in sürətini və həyəcanını yaşadır.”

“Mattel”in Qlobal Avtomobil və Quruluş Dəstləri bölməsinin rəhbəri Ted Vu isə bildirib: “Scuderia Ferrari HP və Aston Martin Aramco Formula One Team-in kolleksiyaya əlavə olunması ilə artıq hər komanda azarkeşi sevimli pilotunun və ya avtomobilinin 1:64 miqyaslı modelini toplayaraq Formula 1 təcrübəsini fərqli səviyyəyə daşıya bilər”.

Vu əlavə edib ki, “Hot Wheels” həmişə dünyanın ən həyəcanverici avtomobillərini qeyd edib və indi Formula 1-in sürətini, dəqiqliyini və coşqusunu azarkeşlərin əllərinə gətirib.

Rauf Hacıyev

Şərh əlavə et