Xəbəri Kokpitdə Oxuyun!

Massanın məsələsi davam edir

Cümə axşamı Londondakı Ali Məhkəmədə Felipe Massanın FIA, FOM və Berni Ekklstouna qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edib. Braziliyalı sürücü onları 2008-ci il Sinqapur Qran Prisində Nelson Pikenin qəsdən yaratdığı qəzadan sonra cinayətkar fəaliyyətində ittiham edir.

Massanın vəkili Nik de Marko, Berni Ekklstoun və mərhum FIA prezidenti Maks Moslini sui-qəsd və hadisə ilə bağlı bütün məlumatların bilərəkdən gizlədilməsində günahlandırıb.

Ferrari-nin sabiq pilotu özünü 2008-ci ilin “qanuni” dünya çempionu kimi tanıtdırmaq və FOM-un o vaxtkı rəhbəri Berni Ekklstoun və FIA-dan 64 milyon funt sterlinq məbləğində təzminat almaq istəyir.

De Markonun sözlərinə görə, Massa üçün iddia müddəti başa çatmayıb, çünki hadisələrin bütün həqiqəti yalnız 2023-cü ildə Ekklstounun verdiyi müsahibədən sonra üzə çıxıb: “Məhz həmin müsahibədən sonra cənab Massa başa düşüb ki, məlumatlar bilərəkdən gizlədilib. Cavabdehlər məhkəmənin onların ciddi qanun pozuntularını araşdırmasının qarşısını almağa çalışır. FIA öz qaydalarına əməl olunmasını təmin etməyə borcludur və bunu 2009-cu ildə gecikmiş istintaq aparmaqla dolayısı ilə etiraf edib”.

Vəkil əlavə edib ki, FIA 2008-ci ildə  Pikenin atasının qəzanın bilərəkdən törədilə biləcəyi barədə ilk dəfə xəbərdarlıq etdiyi vaxt üzərinə düşən vəzifəni yerinə yetirməyib: “Bu, Ekklstounun müsahibəsində də təsdiqlənir. O, bildirib ki, FIA-nın hadisəni araşdırmaq üçün kifayət qədər sübutu olub, amma onlar nəticələrdən qorxaraq istintaqa başlamayıblar”.

De Marko həmçinin vurğulayıb ki, 2009-cu ilin sentyabrında dərc olunan Dünya Avtomobil İdmanı Şurasının hesabatı qəsdən elə tərtib edilib ki, Ekklstoun və Moslinin məsuliyyətini ört-basdır etsin: “Yarışdan sonra Renault komandası və Fernando Alonsonun açıq-aşkar qazandığı üstünlük şübhələr doğurmuşdu. Hətta bir neçə həftə ərzində qəzanın qəsdən törədildiyi barədə söz-söhbətlər yayılmışdı. Pikenin atası FIA nümayəndəsinə qəzanın bilərəkdən törədildiyini demişdi, lakin o vaxt Pikenin Renault ilə müqaviləsi qüvvədə idi və o, rəsmi açıqlama verməyə hazır deyildi.

FIA o zaman kifayət qədər sübut olmadığını bəyan etmişdi, amma Ekklstoun və Moslinin sübutların yetərli olduğunu bildikləri və məsuliyyətdən qaçmaq üçün onları gizlətdikləri artıq məlumdur”.

2023-cü ildə Ekklstounun verdiyi müsahibədə o, Massa ilə bağlı təəssüfünü ifadə edib və onun “aldadılaraq tituldan məhrum edildiyini” etiraf edib.

“Məhz bundan sonra Massa anlayıb ki, Ekklstoun və Mosli onu aldadıblar. O vaxt isə heç nə baş vermədiyinə görə onların hər şeyi bildiyindən şübhələnməyib”.

Məhkəmə dinləmələri cümə günü davam edəcək.

Rauf Hacıyev

Şərh əlavə et