Xəbəri Kokpitdə Oxuyun!

Rovanpera F2 testində iştirak edib

Ralli üzrə ikiqat Dünya Çempionu Kalle Rovanpera halqa yarışlarında çıxış etməyə hazırlaşır. Fin pilot gələn ildən etibarən Yaponiyanın Super Formula seriyasında iştirak edəcək. O, hazırlıq çərçivəsində Xeresdə keçirilən Formula 2 testlərində iki gün sükan arxasında olub.

Finlandiyalı sürücü testlərdə Hitech komandasının təşkil etdiyi xüsusi sessiyalarda iştirak edib. O, keçənilki nəsil Formula 2 bolidi ilə, Pirelli-nin köhnə spesifikasiyalı təkərləri üzərində çalışıb. Test nəticələri açıqlanmayıb, lakin fin pilot sosial şəbəkələrdə təəssüratlarını bölüşüb.

Kalle Rovanpera: “Formula 2-də ilk testlər başa çatdı! Bu iki gündən çox razı qaldım. Gözlədiyim kimi, bu maşını idarə etmək fiziki baxımdan olduqca çətindir. Yüklənmələr çox yüksəkdir və onları başqa şəraitdə təkrarlamaq çətindir, ona görə də öyrəşmək üçün bir qədər vaxt lazım olacaq. Sükan arxasına keçə bildiyim üçün çox sevinirəm və davamını səbirsizliklə gözləyirəm”.

Bu testlər Rovanperanın Formula 2-də ilk təcrübəsi olsa da, o, Formula bolidlərini idarə etməkdə təcrübəsiz deyil. fin pilot keçən il Şpilberqdə Red Bull RB8 Formula 1 bolidini  sürüb. Bundan əlavə, onun Formula 4 və Formula Renault 3.5 bolidlərində də sürücülük təcrübəsi olub.

Rauf Hacıyev

Şərh əlavə et