Xəbəri Kokpitdə Oxuyun!

Massa 2008-ci ilin Sinqapur yarışı barədə danışıb

Londonda Felipe Massa işi üzrə məhkəmə ifadələri davam edir.

Londondakı Ali Məhkəmədə Felipe Massanın FIA, Formula 1 və Berni Ekklstouna qarşı iddiası üzrə dinləmələr davam edir. Massa onları 2008-ci il Sinqapur Qran Prisində Nelson Pikenin qəsdən yaratdığı qəza ilə bağlı gizli sövdələşmədə və səhlənkarlıqda ittiham edib.

Braziliyalı keçmiş pilot ifadəsində qəza sonrası baş verən hadisələri və sonrakı reaksiyasını təsvir edib:

“2008-ci ilin Sinqapur Qran Prisindən dərhal sonra Jan Todt [o vaxt Ferrari-nin icraçı direktoru] məni kabinetinə çağırdı. Stefano Domenikali də orada idi. Todt mənə dedi ki,  Nelsonin bilərəkdən maşını divara çırpdığına əmindir.

Mən inanmamışdım, çünki bilirdim ki, Todtun Flavio Briatore ilə şəxsi rəqabəti var idi və düşünürdüm ki, bu, sadəcə şəxsi münasibətdir. Mən o vaxt Nelsonun bunu bilərəkdən etdiyinə inanmırdım”.

Massa bildirib ki, Todtun dediklərini şübhə altına alıb və diqqətini növbəti yarışlara yönəltmək istədiyini deyib:

“Dedim ki, mənim üçün əsas məqsəd dünya çempionluğunu qazanmaqdır. Stefano da Todtun sözlərinə təəccüblənmişdi. Heç kim nəticələrin etirazla dəyişdirilməsi barədə danışmadı”.

Massa daha sonra 2009-cu ilin aprelində Dubayda Flavio Briatore ilə təsadüfi görüşündən danışıb:

“Ona birbaşa sual verdim – Nelsonu bilərəkdən qəzaya salıb, ya yox? O, bunu inkar etdi, amma cavabından hiss etdim ki, yalan deyir”.

Braziliyalı pilot həmin mövzunu yenidən Todt, Nikolya Todt və Domenicali ilə müzakirə etdiyini, lakin onların “bunlar sadəcə şayiələrdir, heç nə etmək mümkün deyil” cavabını verdiyini deyib.

Massa əlavə edib ki, 2009-cu ilin iyulunda Nelson Pike ilə birgə uçarkən ona yenidən eyni sualı verib, lakin o, yenə inkar edib.

“O, bunu bilərəkdən etmədiyini dedi, amma cavabı inandırıcı deyildi. Hər halda, mənim bunu sübut edəcək faktım yox idi”.

Sinqapurdakı qəzanın qəsdən törədildiyi 2009-cu ilin Belçika Qran Prisi ərəfəsində üzə çıxanda Massa hələ də Macarıstanda aldığı ağır zədədən sağalırmış.

“Xəbərləri görəndə dərhal Jan Todta zəng etdim və dedim ki, Ferrari 2008-ci il tituluna görə mübarizə aparmalıdır. Jean Todt Ferrari-nin vəkili Henri Peter ilə əlaqə saxladı. O, mənim şəxsi vəkilim deyildi, ancaq Ferrari üçün hüquqi məsləhət verirdi”.

Henri Peter Massaya bildirib ki, çempionluq mərasimi artıq başa çatdığı üçün nəticələrin dəyişdirilməsi mümkün deyil, buna görə də Massa iddia qaldıra bilməz.

“Onun dediklərinə inandım, çünki o, Ferrari-nin hüquq məsləhətçisi idi”.

Məhkəmədə müdafiə tərəfi soruşub ki, niyə Massa həmin dövrdə hüquqi addım atmayıb. Keçmiş Ferrari pilotu cavabında bildirib ki, Ferrari-nin hüquqşünasları ona dəfələrlə heç nə edə bilməyəcəyini deyiblər.

Dinləmələr davam edir.

Rauf Hacıyev

Şərh əlavə et