Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un yenilikləri Mexikoda niyə işləmədi?

Red Bull Maks Ferstappenin pilotlar çempionatındakı şansını qorumaq üçün rəqibləri tam şəkildə 2026-cı il bolidlərinə fokuslandıqdan sonra belə RB21 üzərində aqressiv inkişaf strategiyasını davam etdirir. Bəs yeniliklər Meksikada necə işləyib?

Kokpit.az Corcio Piolanın texniki analizlərini təqdim edir.

Komanda cəmi dörd yarış əvvəl Montsada təqdim edilmiş altlığın daha təkmilləşdirilmiş versiyasını gətirib. Bu, tamamilə yeni altlıq deyil, sadəcə Montsadakının üzərində dəyişikliklər aparılıb. Bunu komandadan Pol Monaqan belə izah edib: “Bu, əvvəlki altlıqdan hazırlanmış versiyadır. Biz onu kifayət qədər modul quruluşlu olduğuna görə yenidən istifadə edə bildik və buraya gətirdik”.

Dəyişikliklər çox incədir. Altlığın üst səthinin ön kənarı bir qədər aşağı salınıb və yan qanadının forması bu yenilikdən maksimum istifadə üçün dəyişdirilib.

Komandanın fikrinə görə, bu hava axınının sabitliyini qoruyaraq bir az daha çox yüklənmə yaradır. Başqa sözlə, həmin nöqtədə bir qədər artıq asfaltayatma qüvvəsi əldə olunur, amma maşının qalan hissəsində hava axınının ümumi istiqaməti eyni qalır.

Eyni yeniləmənin bir hissəsi olaraq, yan radiator girişinin üst səthi yan panelə birləşdirilib və “bölünmə xətti” bir qədər dəyişdirilib. Bu dəyişiklik altlığın yan hissəsinin arxasında hava axınının daha səmərəli birləşməsinə və soyutma sisteminin ətrafındakı təzyiqləri dəyişdirərək həm azacıq əlavə asfaltayatma qüvvəsi, həm də daha effektiv soyutma təmin etməyə imkan verir.

Tsunodanın Meksikada istifadə etdiyi əvvəlki versiya yuxarıda, Ferstappenin istifadə etdiyi yeni versiya isə aşağıda göstərilib. Döşəmənin yan qanadında (aşağıdakı iki ox) və yan panelin bölünmə xəttinin quruluşunda (yuxarıdakı iki ox) edilmiş incə dəyişikliklər hava axınını yenidən formalaşdıraraq əlavə asfaltayatma qüvvəsi yaradıb.

Komanda bu yenilikləri yalnız Ferstappenin RB21-də tətbiq edib, Yuki Tsunodada isə yox — atılan addımların maşını yaxşılaşdırdığına əmindirlər, lakin Meksika trasında bolid son yarışlarla müqayisədə xeyli az rəqabətədavamlı olub.

Bununla belə, səbəb təkcə yeniləmələrdə deyil. Maşının Lando Norrisin McLaren-i ilə eyni tempdə hərəkət edə bilməməsinin əsas səbəbi arxa təkərləri qorumaq üçün seçilən sazlanma idi. Meksika Sitinin hündürlüyü və az sıxlıqlı havasında ekstremal temperatur şəraiti arxa təkərlərə çox böyük yüklənmə gətirib.

Bu, Ferstappenə cümə günü, az yanacaqla sürətli dövrələr zamanı əldə etdiyi göstəricilərlə müqayisədə daha çox öndən sürüşməyə meyilli balans verib. Amma həmin sazlamanın uzun məsafəli yürüşlərdə çox pis nəticə verdiyi sonradan üzə çıxıb.

Əvəzində McLaren-in arxa təkərlərin temperaturuna daha yaxşı nəzarəti Norrisin elə bir sazlamadan istifadə etməsinə imkan verib ki, bu da Ferstappenin son yarışlarda sahib olduğu kimi güclü ön hissə davranışı yaradıb.

Adi hündürlüklərdə belə McLaren arxa təkər temperaturuna nəzarətdə üstünlüyə malikdir, lakin bu fərq Meksika şəraitində daha da artıb. McLaren-in soyutma üstünlüyü təkcə təkərlərdə deyil, həm də kuzovdakı hava axını və soyutma sistemində özünü göstərib.

Bütün digər komandalar – xüsusilə Red Bull – radiator kanallarından daha çox hava keçirmək üçün kuzovdakı çıxış dəliklərini xeyli genişləndirdiyi halda, McLaren-in kuzovu adi traslardakı vəziyyətdən demək olar ki, fərqlənməyib. Komanda rəhbəri Andrea Stella bunu MCL39-da tətbiq edilən “yeni texnologiyalar”la əlaqələndirib.

Red Bull isə soyutma effektivliyini artırmaq üçün yan panellərin üst hissəsində yerləşən çıxış dəliklərini xeyli genişləndirərək hava axınını artırmağı seçib. Çünki yüksək hündürlükdə havanın sıxlığı təxminən 25% azdır və eyni soyutma təsirini yaratmaq üçün daha çox hava keçməlidir.

Red Bull Meksikadakı yüksək hündürlüyə görə bolidin yan hissəsindəki hava çıxışı dəlikləri arasında böyük boşluqlar yaradıb.

Monaqan bunu komandaların necə hesabladıqlarını izah edərkən belə deyib: “Soyutma üçün yan panellərinizdən nə qədər hava keçirməyiniz lazımdır? Bunu hesabladıqdan sonra artıq çıxış sahəsinin ölçüsünü təyin edə bilirsiniz. Əksər bolidlərdə məhdudlaşdırıcı amil giriş deyil, çıxış hissəsidir. Buna görə də əvvəlcə çıxışı açırsınız. Biz bunu əsasən yan panellərdə etdik, digərləri isə mühərrik örtüyünün alt hissəsindəki arxa çıxışları açdı”.

Beləliklə, Meksikanın komandanın hazırkı rəqabət qabiliyyəti baxımından istisna hal olduğu düşünülür. Monaqan əlavə edib: “Mövsümün ilk yarışlarından etibarən bolidi daha yaxşı hala gətirmək üçün çox iş gördük. Problemin nə olduğunu müəyyənləşdirdiyimizi düşünürdük, amma buna tam nail olmaq üçün bir neçə addım lazım oldu. Montsaya gəldikdə isə bir sıra amillərin birləşməsi sayəsində maşın xeyli yaxşılaşmışdı. Məncə, bunu tək bir amillə izah etmək olmaz.

Sazlanma kuzov quruluşu və aerodinamik nəticələrin göstərdiyi istiqamətdə aparılıb və biz bundan faydalanırıq. Əgər ilin ilk üç-dörd yarışına qayıtsaq, yəqin ki, bolidi indiki kimi idarə edə bilməzdik. Bu bolidlər indi o qədər mürəkkəb və incə aerodinamik quruluşa malikdirlər ki, bir şeyi səhv etsən, nəticə də tamamilə uğursuz olur.

Hər şey bir yerdə işləməlidir, tək bir detal məsələsi deyil. Bütün elementlər birləşməlidir və biz onları düzgün sinxronlaşdırdıqda, son yarışlardakı kimi performansdan zövq ala bilirik”.

Şərh əlavə et