Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testlərinin ilk günü başa çatıb

Pirelli şirkəti 2026-cı il mövsümünə hazırladığı prototip təkərlərin yekun testlərinə Meksikada start verib. Çərşənbə axşamı günü sükan arxasına Sauber C45 modelinin yenilənmiş versiyası ilə Qabriel Bortoleto keçib.

Braziliyalı pilot testlər zamanı yumşaq tərkibli təkərlərlə – C3, C4, C5 və C6 ilə işləyib. Günün əvvəlində onun maşınına ən yumşaq tərkibli təkərlər quraşdırılıb, lakin hava və asfalt temperaturu artdıqca o, daha sərt tərkiblərə keçib.

Testlərin ilk saatı sıralanma tempinə həsr olunub və bu mərhələdə Pirelli mühəndisləri müxtəlif tərkiblər arasındakı sürət fərqini qiymətləndiriblər. Toplanan məlumatlara əsasən, günün ikinci hissəsində yarış tempində (15 dövrəyə qədər) testlər üçün ən uyğun təkərlər seçilib ki, bu da onların aşınma səviyyəsini qiymətləndirməyə imkan verib.

Günün sonunda Bortoleto ümumilikdə 136 dövrə (585,3 km) qət edib. Onun ən yaxşı nəticəsi 1:19.089 saniyə olub və bu göstərici 45-ci dövrədə qeydə alınıb. Gün ərzində hava açıq, asfaltın temperaturu isə 51 dərəcə olub.

Testlərin ikinci günü sükan arxasına Valtteri Bottas keçəcək. Fin pilot yenilənmiş Mercedes W15 (2024) maşını ilə Bortoletonhn proqramına uyğun şəkildə testləri davam etdirəcək.

Rauf Hacıyev

Şərh əlavə et