Xəbəri Kokpitdə Oxuyun!

Meksika 2025 – Norris pouldan başlayacaq

Meksika Qran Prisinin sıralanma turunda ən sürətli pilot Lando Norria olub. Çempionluğin digər namizədləri Maks Ferstappen beşinci, Oskar Piastri isə səkkizinci yeri tutublar.

 

Meksika Qran Prisində hava şəraiti sabit – günəşli və quru olub. Havanın temperaturu 26 dərəcə, asfaltın temperaturu isə 47 dərəcədən 43 dərəcəyə qədər dəyişib. Yüksəklik səbəbindən Rodrigez Qardaşları avtodromunda ötmə etmək çətin olur, buna görə də nəticənin böyük hissəsi sıralanma turu və uğurlu startdan asılı olur. Statistikaya əsasən, burada ən çox qələbə pouldan start alan pilotlara məxsusdur. Belə ki, 45,8 faiz hallarda məhz birinci yerdən başlayanlar qalib gəlib.

Həftəsonu ərzində trasın vəziyyəti tədricən yaxşılaşıb və üç məşq sessiyasında üç fərqli lider qeydə alınıb: Şarl Lekler və Maks Ferstappen cümə günü ən sürətli olublar, Lando Norris isə şənbə günü keçirilən sessiyada fərqlənib.

Pirelli bu mərhələyə “bir tərkib atlayaraq” C2, C4 və C5 təkərlərini gətirib. Lakin C2 Meksika üçün çox sərt qalıb, hətta C5 tərkiblərdə belə pilotlar asfaltla ilişmənin zəifliyindən şikayətləniblər. Dəniz səviyyəsindən 2285 metr yüksəklikdə hava seyrək olduğundan, maşınlar aerodinamik cəhətdən çətinlik yaşayıblar. Pilotlar tez-tez trasdan kənara çıxıblar və nəticələri dərhal ləğv olunub. Buna görə də dövrələri dəqiq və risksiz keçmək vacib olub.

Birinci sessiya

Bütün pilotlar Soft təkərlərlə çıxıblar. Aston Martin komandası üçüncü məşqdə yaranan texniki problemi həll edib və Fernando Alonsonu trasa erkən buraxıb.

Qısa trasda tıxacdan qaçmaq əsas olub. İlk cəhdlərdə Norris 1:16.899 zaman nəticəsi ilə protokola başçılıq edib. Haas F1 komandasından Oliver Berman sabit temp saxlayaraq ilk üçlükdə yer alıb. Bortoletonun dövrəsi trasdan çıxdığına görə silinib.

İkinci cəhdlərdə Ayzek Hacar 1:16.733 zaman nəticəsi ilə Norrisi qabaqlayıb və onu keçən olmayıb. Racing Bulls cümə gecəsi avtomobili tam yenidən yığıb və irəliləyiş əldə edib. Həmilton cəmi 0.003 saniyə geridə qalıb.

Bortoleto, Elbon, Qasli, Stroll və Kolapinto mübarizəni dayandırıblar. Elbon radio ilə şikayətlənib: “Əyləclər ümumiyyətlə işləmir”.

İkinci sessiya

Tras soyuduqca temp yüksəlib. İlk cəhdlərdə Lekler 1:16.658, ardınca Norris 1:16.252 zaman nəticəsi göstərib. Piastri bir saniyə geri qalaraq 10-cu olub.

Louson dördüncü döngədə trasdan çıxıb və sessiyanı vaxtından əvvəl bitirib, Piastri isə güc qurğusunda problem yaşayıb.

İkinci cəhdlərdə Norrisin nəticəsi dəyişməyib, Piastri son dövrədə xilas olsa da, yarım saniyə geridə qalıb.

Final mərhələsinə Tsunoda, Okon, Hülkenberq, Alonso və Louson düşə bilməyiblər.

Final sessiyası

Yalnız Norris və Leklerin iki yeni Soft komplekti qalıb, digərlərində isə cəmi bir dəst olub. Sayns Berman, Hacar və Antonelli ilk cəhdə köhnə təkərlərlə çıxıblar.

Norris 1:16.170 zaman nəticəsi ilə tempi müəyyənləşdirib, amma Lekler 1:15.991-lik dövrəsi ilə liderliyi ələ alıb.

İkinci cəhdlərdə Norris nəticəsini 1:15.586-ya endirərək poul qazanıb. Ferrari pilotları onun arxasında qərarlaşıblar, Piastri isə yalnız 8-ci olub.

Nəticə

Lando Norris Meksikada mövsümdə beşinci, karyerasında 14-cü poulunu qazanıb. Sabah onunla birinci cərgədə Şarl Lekler olacaq. İkinci cərgədən Həmilton və Rassell, üçüncü cərgədən isə Ferstappen və Antonelli start alacaqlar.

Karlos Sayns 7-ci yeri tutsa da, Ostində Kimi Antonelli ilə insidentə görə startda beş yer itirəcək.

Rauf Hacıyev

Şərh əlavə et