Pirelli Meksikadakı ilk yarış gününü yekunlaşdıraraq bildirib ki, trasın səthi cümə günü zəif asfaltla ilişmə təmin edib, lakin adətən olduğu kimi, növbəti iki gün ərzində vəziyyət yaxşılaşacaq. Asfalt təmizləndikcə və onun üzərində işlənmiş təkər qatı yarandıqca ilişmə səviyyəsi yüksələcək.
Simone Berra, Pirelli-nin baş mühəndisi “Meksikadakı asfaltla ilişmə mövsüm ərzində gördüyümüz ən aşağı səviyyələrdən biridir. Cüməgünkü sessiyalarda əldə etdiyimiz nəticələr ümumilikdə həftəsonuna hazırlıq zamanı toplanmış məlumatları təsdiqlədi.
İlin böyük hissəsində bu trasdan istifadə olunmur, ona görə də asfaltın səthi çox tozludur. Gözləyirik ki, şənbə və bazar günü vəziyyət xeyli yaxşılaşacaq. Buna həm dəstək yarışlarının keçirilməsi, həm də yağışın gözlənilməməsi kömək edəcək.
Birinci yürüşdə əsasən Hard tərkibli təkərlər sınaqdan keçirildi və zəif yol səthi bu təkərlərdə daha çox hiss olundu, baxmayaraq ki, onlar da kifayət qədər sabit işlədilər.
Daha yumşaq tərkiblər isə artıq günün əvvəlindən Hard-a nisbətən üstün performans göstərdi. İkinci sessiyada asfaltın temperaturunun 35 dərəcəyə enməsi də buna müsbət təsir etdi.
Bununla belə, ikinci sessiya zamanı da bəzi pilotlar radio ilə asfaltla ilişməni azlığından şikayətlənirdilər ki, bu da əsasən asfaltın vəziyyəti ilə bağlı idi. Bu, dövrəvi nəticələrdə də görünür: nəticələr təxminən bir saniyə yaxşılaşsa da, hələ də ötənilki Karlos Saynsıb poul vaxtına yaxın deyil.
Builki təkərlərin yeyilməyə qarşı daha dayanıqlı olması da öz təsdiqini tapıb. Belə ki, əvvəlki illərdə Meksika trasında daima müşahidə olunan dənlənmə problemi bu dəfə demək olar ki, yoxdur. Deqradasiyaya nəzarət etmək asandır və yarış gününə qədər vəziyyət daha da yaxşılaşmalıdır.
Strategiya baxımından, hazırda bir pit-stoplu taktika ən məntiqli variant kimi görünür. Burada əsas yük Medium təkərlərin üzərinə düşəcək, onların yanına isə digər iki tərkibdən biri əlavə ediləcək.
Hard və Soft arasında seçim isə pilotların Medium-larla birinci hissəni nə qədər uzada biləcəyindən, eləcə də trasın temperaturundan və səthin yaxşılaşma sürətindən asılı olacaq”.




Şərh əlavə et