Xəbəri Kokpitdə Oxuyun!

Peres Ferrari ilə sükana qayıdır

Meksikalı pilot Serxio Peres Cadillac layihəsi çərçivəsində Ferrari bolidi ilə xüsusi test keçəcək.

Həftəsonu keçiriləcək Meksika Qran Prisində iştirak etməsə də, Peres vətəninə geri dönüb. Artıq Cadillac komandası ilə yeni mövsümə hazırlaşan sürücü, Mexiko Sitidə iştirak etdiyi xeyriyyə futbol oyununda noyabr ayında Ferrari ilə edəcəyi test barədə detalları paylaşıb.

Peres, Valtteri Bottas ilə birlikdə Amerika komandasının iki rəsmi pilotundan biri olacaq. Bottas Mercedes-lə ehtiyat sürücü kimi əlaqəsini davam etdirərkən, Peres artıq Cadillac mühəndisləri ilə sıx şəkildə işləməyə başlayıb.

Bir neçə həftə əvvəl ABŞ-ın Şarlotta şəhərindəki Cadillac mərkəzinə gedən meksikalı pilot daha sonra Silverstounda mühəndislərlə görüşlər keçirib, simulyator məşqlərində iştirak edib və kokpit tənzimləmələrinə dair rəy verib.

Bu müddətdə Cadillac-ın komanda əməliyyatlarını simulyasiya edib və artıq real testlərə hazırlaşır. Bu çərçivədə Peres noyabr ayında İtaliyanın Imola trasında 2023-cü il istehsalı olan Ferrari F1 bolidinin sükanına keçəcək.

Peres xeyriyyə oyunu sonrası açıqlamasında deyib: “Noyabrda bəzi test sessiyalarımız baş tutacaq. Bunlar çox faydalı olacaq, çünki mexaniklərlə və mühəndislərlə birgə işləyərək yanvarda başlayacaq əsas test proqramına hazırlaşacağıq. Ən qısa zamanda formamızı artırmalıyıq”.

Keçmiş Red Bull pilotu hazırda bütün diqqətini “simulyator məşqləri və fiziki hazırlığa” yönəltdiyini bildirib.

Cadillac-dakı ilk təəssüratlarını da bölüşən Peres əlavə edib: “Səni dinləyən, dəstəkləyən və dəyər verən bir komandanın olması hər pilotun arzusudur. Belə bir mühitdə olmaq həqiqətən əladır”.

Rauf Hacıyev

Şərh əlavə et