Meksikada sonuncu sərbəst yürüşlər quru və günəşli havada keçib. Havanın temperaturu 23-24 dərəcə, asfaltın temperaturu isə 44-47 dərəcə olub.
Cümə günü bütün komandalar Meksika trasının özünəməxsus xüsusiyyətlərinə uyğunlaşa bilməyiblər. Üstəlik, birinci sessiyada komandalar gənc pilotlarla işlədiyindən, şənbə günü keçirilən məşq böyük əhəmiyyət daşıyıb. Komandalar həm sıralanma, həm də yarış tempindəki yürüşlərdə təkərlərin effektivliyini artırmağa çalışıblar.
Əvvəlki gün olduğu kimi, bir çox sürücülər trasda ilişmənin zəif olmasından şikayətləniblər. Dəniz səviyyəsindən 2200 metrdən yüksəkdə aerodinamika normal işləməyib, maşınlar sürüşüb. Pilotlar Medium və Soft tərkiblərlə işləyiblər, Hard isə çox sərt olduğu üçün istifadə olunmayıb.
Həmiltonun maşınında yenidən əyləc problemi yaranıb. Sessiyanın əvvəlində o, bir neçə dəfə trasdan kənara çıxıb, lakin əyləclər isinəndən sonra vəziyyət normallaşıb. Ferrari sürücüləri isə bir-birindən cəmi 0.001 saniyə ilə fərqləniblər.
Əksər sürücülər sıx trafikdən narazı qalıb. Ən emosional reaksiya Hacardan gəlib. Belə ki, o, bir neçə həmkarını “idiot” adlandırıb. Demək olar ki, hamı trasın hüdudlarını aşıb, lakin bu, maşınlara zərər vurmayıb. Qəza vəziyyətinə ən çox yaxınlaşan pilot Aleks Elbon olub. Taylandlı sürücü 13-cü döngədə əyləcləri bloklayıb, amma geniş təhlükəsizlik zonası sayəsində toqquşmadan yayınmağa nail olub.
Alonsonun məşqi isə vaxtından əvvəl başa çatıb. İspaniyalı pilot sessiyanın bitməsinə on dəqiqə qalmış maşını mexaniklərə təhvil verib və trasa qayıtmayıb.
Sessiyanın sonunda pilotlar Soft təkərlərlə sıralanma rejimində trasa çıxıblar. Sürətlər artıb və Lando Norris ən sürətli olub. O, dövrəni 1:16.633 zaman nəticəsi ilə tamamlayıb. Üç sərbəst yürüşdə üç fərqli pilot lider olub. Bu da sıralanma turunun maraqlı keçəcəyini vəd edir!




Şərh əlavə et