Xəbəri Kokpitdə Oxuyun!

Komandaların Meksika yenilikləri

Meksika Qran Prisinin əsas xüsusiyyətlərindən biri — Bruno və Pedro Rodriges qardaşlarının adını daşıyan avtodromun dəniz səviyyəsindən çox yüksəkdə yerləşməsidir. Bu, havanın az sıxlığı və atmosfer təzyiqinin aşağı olması səbəbindən bolidlərin bütün sistemlərinin, xüsusilə də soyutma mexanizmlərinin işləməsinə ciddi təsir göstərir.

Komandaların Meksika Qran Prisinə hazırladığı əksər texniki yeniliklər məhz bu problemi həll etməyə yönəlib.

Ferrari

Şarl Lekler və Lyuis Həmiltonun bolidlərində mühərrik qapağı ilə saydpodlar arasındakı hissədə əlavə hava çıxış panelləri (jalüzlər) quraşdırılıb. Skuderiyanın sözlərinə görə, bu dəyişiklik soyutma sisteminin səmərəliliyini artırsa da, SF-25-in aerodinamik effektivliyini bir qədər azaldıb.

Bundan əlavə, arxa əyləclərin hava kanallarının çıxış hissəsi də böyüdülüb. Bu da Meksika trasının özünəməxsus şəraitinə uyğunlaşdırma məqsədi daşıyır.

Red Bull Racing

Red Bull-un təqdim etdiyi dəyişikliklər siyahısı daha genişdir. Yeniliklər təkcə soyutma ilə deyil, həm də RB21-in ümumi performansını artırmaqla bağlıdır.
Komanda ön əyləc kanallarında həm hava giriş, həm də çıxış hissələrini böyüdüb, mühərrik qapağında isə isti havanın çıxışı üçün olan açılışların forması dəyişdirilib. Soyutma sisteminin jalüzləri də daha geniş olub.

Bundan əlavə, saydpodlardakı hava girişlərinin yerləşdiyi hissədə altlığın yuxarı hissəsinin forması bir qədər dəyişdirilib. Altlığın kənarlarında yerləşən əlavə aerodinamik elementlər də yenilənib.

Alpine F1

Renault konserninin zavod komandası mühərrik qapağının arxa hissəsini dəyişdirib. İsti havanın çıxdığı zonada əlavə element əlavə olunub. Bu, hava axınının güclənməsinə və soyutma prosesinin səmərəliliyinin artmasına xidmət edir.

Racing Bulls

VCARB 02 bolidində mühərrik qapağının arxa hissəsindən çıxan isti hava üçün olan hissə böyüdülüb, həmçinin soyutma jalüzlərinin sayı və ölçüsü artırılıb.
Hər iki dəyişiklik güç qurğusunun soyudulmasını optimallaşdırmağa yönəlib.

Williams

Britaniya komandası FW47 modelində saydpodların yuxarı hissəsindəki yarıqların sayını artırıb.

Komanda bu detalların iki fərqli versiyasını hazırlayıb: biri daha geniş, digəri isə daha dar açılışlıdır.

Bu yarıqların artırılması Meksikadakı aşağı hava sıxlığını kompensasiya etmək üçün daha çox hava keçidini təmin edir.

Williams bildirib ki, geniş yarıqlı variant aerodinamik təzyiqi və hava müqavimətini bir qədər azaldır, buna görə də yalnız mühərrikin soyutma problemi yaranarsa istifadə olunacaq.

Sauber

İsveçrə komandası da saydpodların yuxarı hissəsindəki yarıqların sayını artırıb. Bu, soyutma prosesinin maksimum səmərəlilik səviyyəsini yüksəltmək məqsədi daşıyır.

McLaren, Mercedes, Aston Martin və Haas komandaları isə Meksika mərhələsi öncəsi heç bir texniki yenilik barədə məlumat verməyiblər.

Rauf Hacıyev

Şərh əlavə et