Avstraliyalı pilot həmçinin şənbə günü sprint yarışının startında baş verən insidentdə məsuliyyətin bir hissəsini öz üzərinə götürüb.
Oskar Piastri: “Biz baş verənlərdən asılı olmayaraq, hər yarışdan sonra vəziyyəti təhlil edirik. Sprintdə baş verənlərdə məsuliyyətin bir hissəsi mənim üzərimə düşür və bu həftəsonu biz hər şeyə sıfırdan başlayırıq.
Açığı, mənim yanaşmam dəyişmir. Bəli, hər kəs bilir ki, çempionatda fərq böyük idi, indi bir qədər azalıb, amma mən həmişə diqqətimi maksimum sürət göstərməyə və ən yaxşı nəticəni əldə etməyə yönəldirəm.
Bəzən bu alınır, bəzən yox. Amma əgər hər yarış həftəsində işimi lazımınca görsəm və qələbələr qazansam, ümumi mənzərə o qədər də vacib olmur.
Mən lider olmağı, yoxsa kimisə qovmağı üstün tuturam? Hər iki vəziyyətin öz üstün və mənfi tərəfləri var. İnsanlar möhtəşəm geridönüş hekayələrini sevirlər, bəzən qovma mövqeyində olmaq daha rahatdır, ancaq mən çempionat lideri olmağı istərdim.
Meksikada necə çıxış edəcəyimizi demək hələ tezdir. Hesab edirəm ki, hansı trasda biz, hansında rəqiblər üstün olacaq… Bu proqnozlar həmişə özünü doğrultmur. Son yarışlarda Red Bull və Maks Ferstappen sabitliyə nail olublar. Bunun əlamətləri əvvəldən görünürdü və biz düşünürük ki, bu həftəsonu onlar ciddi rəqib olacaqlar”.

 
            


Şərh əlavə et