Xəbəri Kokpitdə Oxuyun!

Meksikada bizi hansı strategiya gözləyir?

Pirelli şirkəti Meksika Qran Prisi üçün təkər tərkiblərini Ostin mərhələsində olduğu kimi qeyri-ardıcıl şəkildə seçib. Belə ki, Medium və Soft tərkibləri əvvəlki kimi C4 və C5 olaraq qalacaq, lakin Hard təkər rolunda bu dəfə C2 tərkibindən istifadə olunacaq.

İtaliya şirkəti bu seçimi mühafizəkar qərar adlandırıb və etiraf edib ki, C2 təkərləri digər iki tərkibə nisbətən xeyli yavaş olacaq, çünki onların asfaltla ilişməsinin daha zəif olması gözlənilir.

Ötən il Meksika mərhələsində Soft təkərlər əsasən sıralanma turunda istifadə olunmuşdu, yarışda isə yalnız ən sürətli dövrəni əldə etmək istəyən komandalar tərəfindən seçilmişdi. Bu dəfə isə vəziyyətin dəyişəcəyi gözlənilir və  Pirelli buna ümid edir.

Medium və Soft tərkibləri yüksək sürət üstünlüyü təmin edəcək, buna görə bazar günü əsasən bu təkərlərdən istifadə olunacağı ehtimal olunur. Lakin yeyilmə səviyyəsinin yüksək olması səbəbindən komandalar ikinci pit-stop etməyə məcbur qala bilər. Digər tərəfdən, C2 tərkibi seçən komandalar yarışı bir pit-stopla  tamamlaya biləcək, ancaq onların tempi nisbətən aşağı olacaq.

Üç sərbəst yürüş ərzində komandalar Medium və Soft təkərlərinin yarış tempində davranışını diqqətlə analiz edib, yeyilmə dərəcəsini qiymətləndirəcəklər. Tarixən Rodriqez Qardaşları trasında təkərlərin qranulyasiyası (parçalanması) müşahidə olunub, bu da seyrək hava səbəbindən aerodinamik təzyiqin azalması ilə bağlıdır.

Bundan əlavə, tras çox tez-tez istifadə olunmadığından onun səthi yaxşı asfaltla ilişmə təmin etmir, nəticədə bolidlər sürüşür və təkərlər daha çox qranulyasiya olunur.

Bu şəraitdə Pirelli-nin 2025-ci il model təkərlərinin bu problemin öhdəsindən nə dərəcədə gələ biləcəyi və təkərlərlə daha səmərəli davranan pilotlara nə qədər üstünlük qazandıracağı maraqlı olacaq.

Ötən il finişə çatan 20 pilotdan 14-ü yarışı bir pit-stopla tamamlamışdı. Əksəriyyət Medium təkərlərlə start almışdı, lakin 6 pilot Hard təkərlərlə yarışa başlamışdı. Hesablamalar göstərmişdi ki, ən effektiv strategiya Medium–Hard sxemidir.  Bunu yarış da təsdiqləmişdi. Ferrari komandasının pilotu Karlos Sains qalib gəlmiş, Lando Norris isə ikinci olmuşdu. Hər ikisi bu taktikadan istifadə etmişdi.

Oscar Piastri (McLaren) Medium tərkibi ilə 39 dövrəlik ən uzun ilk hissəni qət etmişdi, Sauber pilotu Valtteri Bottas isə istifadə olunmuş Hard təkərlərlə 49 dövrə davam gətirib, sonra pit-stop etmişdi.

Trasın örtüyü hamar olsa da, yaxşı asfaltla ilişmə təmin etmir, xüsusilə həftəsonunun əvvəlində… Sonradan asfalt kauçul qalıqları ilə örtüldükcə, dövrəvi nəticələr yaxşılaşır.

Pilotlar bloklanmanın qarşısını almağa çalışmalıdırlar, çünki uzun düzlüklərdə təkərlər tez soyuyur.

Meksika Qran Prisindən sonra Pirelli komandası həmin trasda qalaraq, 28–29 oktyabrda 2026-cı ilin təkər modelləri üzrə testlərini keçirəcək. Bu testlərdə Mercedes və Sauber komandaları iştirak edəcək.

Növbəti Pirelli testləri isə Abu-Dabidə Yas Marina trasında mövsüm başa çatdıqdan sonra keçiriləcək. Orada bütün komandalar 2026-cı il üçün dar ölçülü təkərlərə uyğunlaşdırılmış keçid versiyalı bolidlərlə iştirak edəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et