Xəbəri Kokpitdə Oxuyun!

Malayziyada günü Akosta birinci bağlayıb

MotoGP üzrə Malayziya Qran Prisinin əsas sərbəst yürüşlərini Pedro Akosta lider kimi başa vurub.

Moto3 sessiyasında baş verən yağ sızması səbəbindən MotoGP-nin əsas məşqi 35 dəqiqə gec başlayıb. Pit yolu açıldıqdan sonra bütün sürücülər Soft tərkibli təkərlərlə trasa çıxıblar. Bir neçə dəqiqə sonra Pedro Akosta 9-cu döngədə yıxılıb.

Marko Bezzekki ilk dövrələrdə 1:58.915-lik zaman nəticəsi ilə liderliyi ələ alıb, lakin Fermin Aldequer ondan 0.7 saniyə daha sürətli dövrə vuraraq birinci yerə yüksəlib. Xoan Mir isə ikinci pilləyə qalxıb.

Sessiyanın orta hissəsində yağış bayraqları qaldırılıb və bu anda ilk üçlük Aldequer, Mir və Banyaya olub.

Fabio Kuartararo 1:58.113-lük zaman nəticəsi ilə liderliyi Aldequerdən alıb. Bu vaxt Aleks Markes 2-ci döngədə qəza edib və yağışın intensivliyi artmağa başlayıb.

Pedro Akosta dövrəsini təkmilləşdirib və 1:57.559-luq zaman nəticəsi ilə zirvəyə yüksəlib. Ardınca Aqusto Fernandes və Aleks Rins yıxılıblar.

Beləliklə, sessiya Pedro Akostanın liderliyi ilə başa çatıb. Yohan Zarko ikinci, Cek Miller isə üçüncü yeri tutub. Xoan Mir dördüncü, Fabio Kuartararo isə beşinci olub.

Françesko Banyaya və Marko Bezzekki ilk onluqdan kənarda qalıblar.

Rauf Hacıyev

Şərh əlavə et