Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen hər nəticəyə hazırdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, mövsümü ən pis halda üçüncü yerdə bitirəcək.

Meksikada mətbuatla söhbət edən Maks Ferstappen özünəməxsus tərzdə bildirib ki, bu il çempion ola bilməsə də, məyus olmayacaq. Halbuki o, son dörd mövsümdə ardıcıl olaraq dünya çempionluğu qazanıb və bunun üçün nələr lazım olduğunu yaxşı bilir.

Maks Ferstappen: “Ən pis halda hazırda olduğum 3-cü yerdə qalacağam və mənim üçün heç nə dəyişməyəcək. Sadəcə, mövsümün sonuna qədər qalan yarışlarda qələbə qazanmağa davam etmək istəyirəm.

Ümid edirəm ki, hər yarış həftəsonunda qələbə uğrunda mübarizə aparmaq şansım olacaq. Düzdür, hələ buna əmin olmaq çətindir. Amma son vaxtlar yaxşı nəticələr göstəririk və bütün komanda anlayır ki, titul şansını qorumaq üçün mövsümün sonuna qədər hər şey mükəmməl işləməlidir. Əgər bacarsaq, əla! Bu, geridönüş haqqında inanılmaz bir hekayə olacaq.

Əgər alınmasa, sadəcə işləməyə davam etmək lazımdır. Düşünürəm ki, mövsümün son hissəsindəki performansımızla və nəticələrdəki sürətli artımla fəxr edə bilərik, lakin bu barədə hissləri hələ Abu-Dabiyə qədər saxlamaq daha yaxşıdır.

Təbii ki, qalib gəlmək və bu çempionluğu qazanmaq istəyirik. Əvvəllər də çempion olmuşam, bəzən titul uğrunda mübarizəni son yarışda qazanmışam, bəzən isə mövsüm bitmədən. Bu mövsüm isə tam fərqli keçdi, çünki açığını desəm, mövsümün böyük bir hissəsində vəziyyətimiz çox zəif idi. Buna baxmayaraq, hələ də titul uğrunda iddialı olmağım özü çox maraqlıdır, ancaq mən bunu qəbul edirəm.

Daha əvvəl də demişəm, qalib gəlmək üçün hər şeydə ideal olmalıyıq və əgər indi təzyiq hiss edirəmsə, bu, müsbət təzyiqdir. Mən gördüyüm işi sevirəm. Rəqabətədavamlı bir maşınla yarışmaq, sürəti çatmayan maşınla yarışmaqdan qat-qat xoşdur”.

Rauf Hacıyev

Şərh əlavə et