Kokpit.az xatırladır ki, ispaniyalı sürücü son iki yarışdan xallar qazanıb və turnir cədvəlindəki mövqeyini qismən yaxşılaşdırıb. Aston Martin komandası isə Çempionatda yeddinci yerdədir.
Fernando Alonso: “Biz öz işimizi çox tənqidi qiymətləndiririk. 2025-ci il mövsümünün demək olar ki, hamısında yaxşı çıxış edə bilməmişik və bunu gizlətmirik. Biz kifayət qədər sürətli deyilik, bu faktdır. Amma eyni zamanda hər yarış həftəsonunda ixtiyarımızda olan boliddən maksimum istifadə etməyə çalışırıq.
Biz müəyyən nəticələr əldə etməyə cəhd edirik, Ostində bu 10-cu yer idi, deməli, bir xal qazandıq. Bəzən iki-üç xal almaq mümkün olur, amma düşünürəm ki, buna sevinməyə dəyməz. Mövsüm çətin keçir və belə də davam edəcək.
Meksikada da işimiz asan olmayacaq. Məncə, proqramda sprint olan həftəsonları bizim üçün bir qədər əlverişlidir, çünki indi on komandanın maşınları demək olar ki, öz imkanlarının son həddinə çatıb. Tənzimləmələrlə bağlı eksperimentlər artıq çox az nəticə verir. Bu texniki reqlament artıq dördüncü ildir qüvvədədir, üstəlik bu mövsüm yeniliklərin tempi o qədər də yüksək olmayıb. Biz artıq çox yaxşı bilirik ki, maşından maksimumu necə almaq olar.
Məhz sprintli həftəsonlarında biz rəqiblərimizdən daha tez uyğunlaşmaq imkanı qazanırıq. Trasları yaxşı tanıyan sürücülər təcrübələrinə güvənərək elə cümə günü normal sürət tapmağı bacarırlar.
Adi yarış həftəsonlarında isə maşın və ya sazlanmalar barədə yeni nəsə öyrənmək imkanı olduğunu düşünmürəm. Məncə, maşın demək olar ki, hər dəfə optimal səviyyədə sazlanır və həm ilk, həm də son dövrədə eyni cür işləyir.
Ancaq qarşıdakı həftəsonu barədə danışsam, necə olacağını hələ bilmirəm. Təbii ki, müəyyən narahatlıqlarımız var. Son iki ildə nə Meksikada, nə də Las Veqasda rəqabətədavamlı olmuşuq. Qalan yarışlar arasında bizi ən çox məhz bu iki Qran Pri narahat edir”.
Fernando Alonso texniki reqlamentin bir neçə ildən bir dəyişməsi barədə danışıb: “Xeyr, mən reqlamentin daha sabit qalmasını üstün tuturam. Burada azarkeşləri düşünürəm, çünki onlar hazırkı nəsil maşınları və həftəsonu formatını anlamağa başlayanda, biz yenə nəsə dəyişirik.
Texnologiyaları sadə dildə izah etmək asan deyil, lakin texnologiya Formula 1-in genidir və həmişə belə olub. Ümid edirəm ki, yeni texniki reqlament qüvvəyə mindikdən sonra yarışlar daha baxımlı olacaq, çünki azarkeşlər məhz bunu görmək istəyirlər”.




Şərh əlavə et