Xəbəri Kokpitdə Oxuyun!

Red Bull necə dirçəldi?

Maks Ferstappenin ABŞ Qran Prisində qələbəsi son dörd həftəsonunda onun üçün üçüncü olub. Yay fasiləsindən sonrakı beş yarışda o, ilk iki yerdən kənarda finiş etməyib və artıq bitmiş görünən titul ümidləri qəfil yenidən canlanıb. Bəs Red Bull bunu necə edib?

Kokpit.az Corcio Piolanın texniki analizlərini təqdim edir.

RB21 mövsümün ikinci yarısının ilk yarışlarından yeni ön qanad və yeni altlıq ətrafında hazırlanmış bir sıra yeniliklər sayəsində dirçəlmişdi.

Yeni ön qanad daha geniş flap sahəsinə malikdir və may ayında İspaniya Qran Prisindən sonra qüvvəyə minmiş statik yük testlərinin yenilənmiş limitlərinə əməl etməklə əvvəlkindən daha aeroelastik hala gətirilib.

Bu, bolidin balanslaşdırıla biləcəyi sürət aralığını genişləndirməyə imkan verib. Əvvəllər Ferstappen bəzi traslarda, xüsusən də daha çox asfaltayatma qüvvəsi tələb edən yüksək dartma qüvvəli traslarda döngə sürət diapazonu boyunca bolidi balansda saxlamaqda çətinlik çəkirdi.

Maşın ya yavaş döngələrdə bir qədər “itaətsizlik edirdi” və öndən sürüşməyə meyilli olurdu, ya da bu problemi kompensasiya etmək üçün sazlandıqda, sürətli döngələrə girişdə həddən artıq qeyri-sabit olurdu.

Maşın daha iri olan ön qanadla aşağı sürətlərdə daha güclü olur, lakin yüksək sürətlərdə yaranan daha böyük asfaltayatma qüvvəsi zamanı bu qanad daha az aqressiv bucağa əyilir. Bu halda sürət artdıqca ön tərəfdəki dartma qüvvəsinin artımı arxa hissə ilə müqayisədə daha zəif olur. Nəticədə aşağı sürətlərdə döngələrdə çevik və tez reaksiya verən bolid əldə olunur, yüksək sürətlərdə isə qeyri-sabitlik riski azalır.

Bu, aerodinamik təzyiq mərkəzinin sürət artdıqca arxaya doğru hərəkət etməsi deməkdir. Bütün Formula 1 maşınlarında sözügedən hal müəyyən qədər baş verir, amma bu effekt nə qədər güclüdürsə, bolidin balanslı qala biləcəyi sürət diapazonu da bir o qədər genişlənir. Bu da pilota bolidi daha sərt və inamla sürməyə imkan verir.

Böyük ön qanad Zandfortda təqdim olunub, altlıq isə növbəti yarışda – Montsada gətirilib. Sinqapurda isə yüksək asfaltayatma qüvvəsi tələb edən tras üçün ön qanadda əlavə düzəlişlər və mühərrik örtüyünün forması dəyişdirilib.

Corcio Piolanın rəsmlərində mühərrik örtüyünün arxa hissəsindəki dəyişdirilmiş soyutma çıxışının örtüyün arxa konturlarını necə formalaşdırdığı aydın görünür.

Aşağı, daha enli və oval formalı yeni çıxış arxa mühərrik örtüyü ilə arxa qanadın alt hissəsi arasında daha çox boşluq yaradıb. Bu, arxa qanadın effektivliyini artırma potensialına malikdir və aerodinamik təzyiq mərkəzinin sürət artdıqca əvvəlkindən daha çox arxaya doğru hərəkət etməsinə kömək edir.

Bundan əlavə, dəyişiklik yan hissələrdə daha çox içəriyə oyulmuş forma yaradıb və bu da mühərrik çıxışından gələn isti, aerodinamik cəhətdən zərərli hava axınını asfaltayatma qüvvəsi yaradan səthlərdən uzaqlaşdıraraq hava axınını daha əlverişli şəkildə yönləndirmək imkanı verir.

Bu dəyişikliklər paketi yay fasiləsindən xeyli əvvəl Pyer Vaş, Enriko Baldo və Ben Uoterhausun texniki rəhbərliyi altında planlaşdırılmışdı. Komanda rəhbəri Loran Mekies etiraf edib ki, bu, 2026-cı il bolidi üçün ayrılan resurslara təsir edib. Amma dünya çempionluğu hələ də mümkün olduğu üçün bu riskin dəyərli olduğu qərarına gəlinib.

Bu dəyişikliklər paketi yay fasiləsindən xeyli əvvəl Pyer Vaş, Enriko Baldo və Ben Uoterhausun texniki rəhbərliyi altında planlaşdırılmışdı. Komanda rəhbəri Loran Mekis etiraf edib ki, bu, 2026-cı il bolidi üçün ayrılan resurslara təsir edib. Amma dünya çempionluğu hələ də mümkün olduğu üçün bu riskin dəyərli olduğu qərarına gəlinib.

Bu arada McLaren rəhbəri Andrea Stella Ostində təsdiqləyib ki, mövsümün qalan hissəsində MCL39 üçün yeni inkişaf detalları gətirilməyəcək. Hansı yanaşmanın daha doğru olduğunu isə vaxt göstərəcək…

Şərh əlavə et