Xəbəri Kokpitdə Oxuyun!

McLaren artıq yenilik gətirməyəcək

McLaren komandasının rəhbəri Andrea Stella ABŞ Qran Prisindən sonra verdiyi açıqlamada MCL39 bolidi üçün mövsümün sonuna qədər yeniliklərin gətirilməyəcəyini təsdiqləyib.

Sprint yarışında hər iki pilotun mübarizədən kənar qalması və əsas yarışda alınan ikinci və beşinci yerlər pilotlar çempionatındakı vəziyyəti çətinləşdirib. Maks Ferstappenin güclü forması isə komanda üçün əlavə təzyiq yaradıb.

Andrea Stella yarışdan sonra performansı dəyərləndirərkən deyib: “Ümumilikdə sakit keçən bir yarış idi. Əgər Şarlla mübarizə olmasaydı, Landonun qalib gəlmək üçün kifayət qədər tempi var idi. Təbii ki, Maksı tras üzərində keçmək asan deyil. Tək pit-stop strategiyası da çoxlu seçim imkanı vermirdi. Amma performans baxımından qələbə üçün mübarizə aparacaq gücə sahib idik”.

Sprint yarışında Lando Norris və Oskar Piastri arasında baş verən insidentdən sonra McLaren Ostində istədiyi sazlama istiqamətini tapa bilməyib. Stella bu barədə bildirib: “Sprint yarışına qatıla bilməməyimiz əsas yarışa hazırlıq baxımından bizi bir qədər geriyə saldı. Amma məlumatlara baxdıqda görürük ki, boliddən hələ də daha çox performans çıxarmaq mümkündür”.

Bütün bunlara baxmayaraq, Stella 2025 mövsümünün qalan hissəsində yeni hissələrin və ya texniki yeniliklərin olmayacağını qəti şəkildə vurğulayıb: “Artıq yeni hissələr və ya yeniliklər üçün planımız yoxdur. Mövsümü bu bolidlə tamamlayacağıq”.

Mövsümün sonuna beş yarış qalmış McLaren hələ də çempionluq uğrunda mübarizəni davam etdirir. Lakin texniki inkişaf dayandığı üçün qalan mərhələlərdə uğur daha çox mövcud paketdən maksimum səmərə almağa və pilotların performansına bağlı olacaq.

Rauf Hacıyev

Şərh əlavə et