Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Leklerin qərarı özünü doğrultdu

ABŞ Qran Prisində komandalar müxtəlif taktikalardan uğurla istifadə ediblər. Məsələn, Şarl Lekler Soft tərkibli təkərlərlə start almaq riskinə gedən azsaylı sürücülərdən biri olub və bu qərar ona startda bir mövqe qazanmağa kömək edib. Nəticədə monakolu pilot yarışı üçüncü pillədə başa vurub.

İlk on beşlikdə start alanların əksəriyyəti, o cümlədən yarışı qazanan Maks Ferstappen, startda Medium tərkibli təkərləri seçiblər. İkinci onluqda start alan üç sürücü isə Hard tərkibinə üstünlük verib.

Mario İzola, Pirelli Motorsport-un direktoru: “Ostindəki yarışın əvvəlində komandalar taktika baxımından özlərini məhdudlaşdırmaq istəmədilər, buna görə də əsasən Medium tərkibli təkərlərdən istifadə etdilər. Bu da onlara daha çox çeviklik qazandırdı.

Lekler ilk onluqda Soft təkərlərlə start alan yeganə sürücü idi və bu qərar özünü doğrultdu, çünki yumşaq tərkib daha yaxşı asfaltla ilişmə təmin edirdi.

Yarışın əvvəlində virtual təhlükəsizlik avtomobili rejimi elan olundu və bu da Soft və Medium təkərlərlə gedənlərə birinci hissəni bir neçə dövrə uzatmaq imkanı verdi. Medium tərkibi gözləniləndən də stabil işləyirdi.

Müsbət amillərdən biri şənbə gününə nisbətən daha aşağı asfalt temperaturu və trasın vəziyyətinin yaxşılaşması idi. Bütün bunlar birlikdə komandaların birinci hissəni maksimum dərəcədə uzatmasına imkan verdi.

Nəticədə əvvəlcədən planlaşdırılan “Medium–Hard” sxemi yarışın orta mərhələsinə doğru daha az effektiv taktikaya çevrildi. Təxminən 30-cu dövrə ətrafında keçirilən pit-stoplardan sonra aydın oldu ki, demək olar bütün sürücülər son hissəni Soft təkərlərlə keçirəcəklər.

Arxa təkərlərin yeyilməsi kritik həddə çatmadığı üçün sürücülər təkərlərə qənaət etməyə məcbur qalmadılar və yüksək tempi qoruyub saxlaya bildilər. Buna, həmçinin komandaların düzgün seçilmiş sazlanmaları da təsir etdi.

Maks Ferstappeni qələbə münasibətilə təbrik edirik. O, hələ də çempionluq uğrunda əsas iddiaçılardan biridir. Eyni zamanda, fərqli taktika seçimi sayəsində podiuma yüksələn Şarl Lekleri də təbrik edirik”.

Rauf Hacıyev

Şərh əlavə et